Onun sözlərinə görə, hazırda vətəndaş cəmiyyətinin durumu iki ay əvvəl ilə müqayisədə yaxşılaşıb, lakin buna baxmayaraq, müəyyən problemlər qalıb:
“Ayrı-ayrı təşkilatların rəhbərləri ölkəni tərk edəndə sərhəd yoxlamalarına məruz qalırdılar, o yoxlamalar aradan qaldırılıb. Bəzilərinin bank hesabları bağlı idi, onların üzərindən həbs götürülüb. Amma yenə də həmin hesablara giriş, yəni vəsaitlərdən istifadə problemi qalıb. Bundan başqa, vətəndaş cəmiyyətinin maliyyə resurslarına çıxış imkanları hələ də məhduddur. Çünki ölkədə xarici fondların fəaliyyəti, demək olar ki, tam şəkildə məhdudlaşdırılıb, onlar əvvəlki kimi xarici donorlardan vəsait ala bilmirlər”.
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlının sözlərinə görə isə, ölkədə QHT-lərlə bağlı gedən prosses hələ bitməyib:
“Ölkədə hələ də QHT-lərlə bağlı gedən prosseslər davam edir. Buna son qoyulması üçün siyasi qərarlar bütün QHT-lərə tətbiq olunmalıdır. Bəzən də elə olur ki, doğrudan da QHT səhv buraxır. Mən demirəm ki, biz hamımız tamamilə şəffafıq, səhvimiz yoxdur. Bu fikir təbii ki, bir az gülməli çıxar. Hansımızı yoxlasan, bu və ya digər sahədə səhv buraxa bilərik. “Qrant haqqında” qanuna əlavə və dəyişikliklər dondurulmasa, geriyə qaytarılmasa, və ya onlara yenidən baxılmasa vətəndaş cəmiyyətinin fəaliyyəti bərpa oluna bilməyəcək”.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə hesab edir ki, QHT sektorunun bu vəziyyətə düşməsinin səbəbi hazırki qanunvericilikdir:
“QHT sektorunun bu vəziyyətə düşməsinin hüquqi əsası 2013-cü il dekabrın 17-də olan dəyişikliklə başladı. Ümumiyyətlə, 26 dəyişiklik gətirildi qanunvericiliyə ki, onlar bugünkü situasiyanın hüquqi bazasıdır. Əgər biz bugünkü vəziyyətdən çıxış yolu axtarırıqsa, hökmən həmin dəyişikliklər və ondan öncə də olan bəzi neqativ məhdudlaşdırıcı dəyşikliklər qanunvericilikdən çıxarılmalıdır. İndiki qanunvericiliklə hökümətdə nə qədər yaxşı niyyət olsa belə, ciddi şəkildə heç bir şeyi dəyişdirmək mümkün deyir. Çünki qanunvericilik kifayət qədər məhdudlaşdırıcı bir çərçivə müəyyən edib”.
Ekspertin fikrincə, məsələnin həlli üçün QHT-lərin fəaliyyətinə yönəlik qanunverciliyə yenidən baxmaq lazımdır.