BAKI, 19 apr — Sputnik. Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən Lənkəran rayonunda əməliyyat-axtarış tədbirləri keçirilib. Sputnik Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına istinadən xəbər verir ki, əməliyyat zamanı, əhali arasında milli və dini zəmində separatçı fikirlər yayan, vətəndaşları kütləvi itaətsizliyə və hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağıran şəhər sakinləri — Qismət İsayev və Vüqar İsmayılov saxlanılıblar.
"Adını "Müsəlman Birliyi Hərəkatı" qoyan təşkilatının rəhbəri Taleh Bağırzadənin tərəfdarı olan bu şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 4 əl qumbarası, 123 patron, 2 trotil şaşkası, eyni zamanda, yayılması qanunla qadağan olunan, dini dözümsüzlüyü və bölücülüyü təbliğ edən 18 ədəd kitabça götürülüb", —deyə məlumatda bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.