BAKI, 19 aprel-Sputnik. Yaponiyanın Kyuşu adasını silkələyən güclü zəlzələlər nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb. Yerli hakimiyyət orqanlarının aprelin 19-da verdiyi məlumata görə, xilasedicilər torpaq sürüşməsinin baş verdiyi rayonda daha iki cəsəd aşkar ediblər.
Yaponiyanın Kiodo agentliyi 117 min nəfərin təxliyə edildiyini bildirib.
Bununla bərabər, yüz minədək insan hələ də təxliyə mərkəzlərində qalır. Hakimiyyət orqanları regionda nəqliyyatın hərəkəti dayandığından zərərçəkən rayonlara su və ərzağın çatdırılması problemi ilə qarşılaşıblar. Kumamoto şəhər aeroportu hələ də fəaliyyətini bərpa edə bilməyib.
Zərərçəkən regiona yardıma qoşulan ABŞ hərbçiləri iki "MV-22 Osprey" konvertoplanın köməyi ilə çətin gedilən rayonlara humanitar yardım çatdırırlar. İçməli su qıtlığı ilə bağlı problemi aradan qaldırmaq üçün Kumamoto türməsində də yeni təxliyə məntəqəsi yaradılıb. Buradakı quyulardan götürülən su problemin həllinə kömək edir.
Son məlumatlara görə, təqribən 160 min evin su, 100 min evin isə qaz təchizatı kəsilib. Son günlər tamamilə fəaliyyətini dayandıran Kumamoto aeroportu aprelin 19-da səhər ilk reysi qəbul edib. Buna baxmayaraq, terminalın binası zədələndiyinə görə, buradan reysləri yola salmaq hələ də mümkün deyil.
Milli Meteorologiya Agentliyinin verdiyi məlumata görə, aprelin 14-dən 19-dək regionda insan tərəfindən hiss olunan 590 yeraltı təkan qeydə alınıb. Torpaq sürüşmələrinin gözlənildiyi ərazilərdən əhalinin təxliyəsi davam edir. Yeni təkanlar gözlənildiyinə görə, sakinlərə zədələnmiş evlərə girməmək tövsiyə olunur.