BAKI, 18 aprel-Sputnik. Qətərin baş nazirinin müavini Əhməd bin Abdallah Əl-Mahmud və Küveytin baş nazirinin birinci müavini Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gələcək.
Bu barədə Sputnik-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçiriləcək.
Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Daha əvvəl verilən məlumata görə, Forumda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.