BAKI, 18 apr — Sputnik. Bakıda maraqlı olay yaşanıb. Belə ki, qadınlar 5 polis əməkdaşını döyüblər. Bu barədə Sputnik-ə paytaxtın Nərimanov rayonunun hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Ötən şənbə günü Nərimanov rayon polisinin əməkdaşları Aşıq Cümə küçəsi 7E ünvanına gedərək bir mübahisəli obyektə dair işi aydınlaşdırmaq istəyiblər. Həmin ünvandakı evdə yaşayan iki ailə avtoyuyucunu bölə bilməyərək polisə müraciət ediblər.
Polislər, obyektin kimə məxsus olması aydınlaşana qədər avtoyuyucunun istismarını dayandırmağı tələb ediblər. Lakin tərəflər polislərin tələbinə məhəl qoymayıblar. Bununla da polislər və sakinlər arasına münaqişə başlayıb.
Münaqişə əsnasında 1961-ci il doğumlu Nigar İbrahimova, onun qızı, 1991-ci il təvəllüdlü Rəbiyə İbrahimova və oğlu, 1980-ci ildə anadan olmuş Anar İbrahimov polislərə hücum edərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Nəticədə ibtidai istintaq bölməsinin rəisi polkovnik-leytenant F.Fərmanova, bölmənin böyük müfəttişi S.Ağayevə, post-patrul xidmətinin kiçik serjantı Ə.Hənifəyevə, sahə rəisi mayor A.Salayevə və sahə müvəkkili kapitan F.Süleymanova xəsarət yetirilib. Bütün polislər sifət və kəllə nahiyəsindən zədələr alıblar.
Xuliqanlıq faktı üzrə hüquq-mühafizə orqanları yalnız Anar İbrahimovu məsuliyyətə cəlb ediblər, baxmayaraq ki, o, polisləri tək deyil, ana və bacısı ilə birlikdə döyüb. Onu AR CM-nin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirləndiriblər.
Nərimanov rayon prokurorluğundan bildiriblər ki, polislər özlərinin təqdim etdiyi qədər də aciz deyillər: "İlkin araşdırmanın nəticələri göstərir ki, bu hadisədə asayiş keşikçiləri özləri münaqişənin yaranmasına rəvac veriblər".
"Bununla belə, insident zamanı onların aldığı xəsarəti ciddi xəsarət adlandırmaq olmaz. İnanmaq çətindir ki, qadınlar polisləri döyüblər, özü də beşini birdən", —deyə rayon prokurorluğundan bildiriblər.
Hazırda bu fakt üzrə araşdırma aparılır. Bildirilir ki, Anar İbrahimov 48 saat müddətində azadlığa buraxılacaq.