Rusiyanın Dağlıq Qarabağ münaqişəsində ən obyektiv tərəf olduğunu deyən politoloqun sözlərinə görə, Rusiyada Ermənistan və Azərbaycanın güclü diasporları var: "Bu səbəbdən, Rusiya siyasəti bu məsələdə daha balanslaşdırılmış və obyektivdir".
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bəzi xüsusiyyətlərinə görə digər münaqişələrdən fərqlənir: "Birincisi orada heç bir sülhməramlı qüvvə yox idi, silahlı qüvvələr üzbəüz dayanıblar. Lokal kiçik münaqişənin isə böyük münaqişəyə çevrilmə tendensiyası var. İkincisi münaqişə yox, danışıqlar dondurulub. Mən hesab edirəm ki, danışıqların çox uzun müddət davam etməsinə görə ATƏT-in Minsk qrupunun üzərinə böyük məsuliyyət düşür. Mənə elə gəlir ki, bu, təsadüfi deyil. Hər üç həmsədr ölkədə çox güclü erməni diasporu var və bu da həmin ölkələrə Ermənistana hansısa formada təzyiq göstərməyə imkan vermir".
"Üçüncüsü isə ölkələr arasındakı güc balansı bütün cəhətdən Azərbaycanın xeyrinə dəyişdi və dəyişməyə davam edir. Lakin münaqişənin həllində heç bir irəliləyiş olmurdu. O, 24 il necə qalmışdırsa, elə də qalırdı. Bu isə münaqişənin alovlanmasına təkan verdi", — deyə siyasi ekspert vurğulayıb.
S. Markov bildirib ki, mütəxəssislərin əksəriyyətinin fikrincə, günahkar münaqişəni ilk başlayan tərəf deyil, münaqişə ərzində beynəlxalq tələbləri pozan tərəfdir: "Azərbaycan tərəfi bu baxımdan daha əmin mövqe nümayiş etdirməlidir. BMT-nin Azərbaycanın xeyrinə çıxardığı qətnaməsi var, Madrid prinsipləri var. Ona görə də münaqişənin alovlanmasının məsuliyyəti İrəvanın üzərinə düşür".
Onun sözlərinə görə, Azərbaycan bir neçə məqsədlərə nail olub: "Birincisi danışıqların donu açılıb. Bu, çox vacib, strateji addım idi. Bundan sonra danışıqlar daha uğurlu keçəcək. İkincisi Azərbaycan öz hərbi gücünü göstərdi. Hərbi texnika baxımından Azərbaycan Ermənistandan iki dəfə güclüdür. Üçüncüsü, əhali böyük dəstək nümayiş etdirdi, insanlar müharibəyə başlamaq istəklərini bəyan etdilər, kütləvi nümayişlər keçirildi. Bundan başqa, Türkiyə və digər ölkələr öz dəstəklərini bildirdilər, vəziyyət isə az da olsa, dəyişdi".