BAKI, 18 apr — Sputnik. Bu gün İmişli rayonunun Aranlı kəndində etiraz aksiyası olub. Örüş sahəsinin bir hissəsinin zəbt olunmasına etiraz edən 50 nəfərədək sakin şəxsi təsərrüfatlarında saxladıqları iribuynuzlu heyvanları kənd bələdiyyəsinin inzibati binası önünə toplayıb.
Bu barədə Sputnik-ə Aranlı kəndində yaşayan Ruslan Rzayev məlumat verib. Onun sözlərinə görə, mübahisə ötən ilin yayında yaranıb və hələ də öz həllini tapmayıb.
Rayev deyib ki, islahat aparılarkən 380 hektar torpaq sahəsi örüş məqsədilə Aranlı kənd sakinlərinin ümumi istifadəsində saxlanılıb: "Amma sabiq bələdiyyə sədri Şakir Hüseynov keçən ildən başlayaraq iddia edir ki, örüş sahəsinin 15 hektar ərazisini icarəyə götürüb".
"O vaxt camaat ayağa qalxanda bu iddiadan geri çəkilmişdi. Amma iki gün əvvəl naxırın qabağını kəsərək həmin yeri şumlatdrmağa başlayıb", —deyə sakin bildirib.
Narazılar hesab edirlər ki, ümumi istifadədə olan yerin zəbt olunmasına yerli bələdiyyə orqanının rəhbəri Nadir Vəliyev şərait yaradıb. Buna görə də örüşə buraxılmayan heyvanlarını bələdiyyənin inzibati binası önünə sürüblər.
"Keçən il etiraz edəndə İmişli RİH-in əməkdaşları camaatla danışığa gəldi və tələbimizi təmin etdilər. Bu dəfə İcra Hakimiyyəti bizi haqsız çıxarır. Hələlik örüş yerində şum çıxarılması işi dayanıb. Amma mübahisə də həllini tapmayıb", — Aranlı sakini əlavə edib.