BAKI, 18 apr — Sputnik. Braziliya parlamentinin aşağı palatası ölkə prezidenti Dilma Ruseffin impiçmentinə səs verib.
Sputnik-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, səsvermə hələ rəsmi olaraq başa çatmasa da, prezidentin vəzifədən götürülməsinə artıq Konqres üzvlərindən 342-si səs verib. İmpiçmentin baş tutması üçün 513 deputatdan 342-nin səsi kifayətdir.
Braziliya qanunvericiliyinə əsasən, parlamentin aşağı palatasının qərarı Senatın iclasına çıxarılmalıdır. On gün ərzində xüsusi komissiya yaradılmalı, sonra isə senatorlar impiçmentə dair səs verməlidirlər.
İmpiçment proseduru baş tutduğu təqdirdə növbəti seçkilərədək prezident səlahiyyətlərini ölkənin vitse-prezidenti Mişel Temer icra edəcək.
Qeyd edək ki, Dilma Rusef büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.