Bu fikirləri Sputnik-ə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına mərkəzi hospitalının kardioloqu Elmar Məmmədov deyib.
Sinoptiklər xəbər verir ki, bu il Azərbaycanda quraqlıq və yüksək hava temperaturu müşahidə olunacaq.
Kardioloq öz növbəsində onu da vurğulayıb ki, hava temperaturunun 35 dərəcə və ondan artıq olduğu zaman meteohəssas və bəzi xəstəliklərdən əziyyət çəkən insanlar daha ehtiyyatlı olmalıdırlar. Belə şəraitdə onlar hava şəraitinə uyğun olaraq hərəkət etməlidirlər.
Son 7-8 ildə qlobal iqlim istiləşmələri səbəbindən Azərbaycanda hər il quraqlığın müşahidə olunduğunu deyən Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi Məhərrəm Həsənovun sözlərinə görə, ölkədə quraqlıq adətən iyulun III ongünlüyündən avqustun I ongünlüyünədək olan müddətdə müşahidə edilir. M.Həsənov bildirib ki, ötən il iyulun 20-dən avqustun 25-dək ölkədə quraqlıq müşahidə edilmişdi. Bu il quraqlığın müşahidə ediləcəyi gözlənilsə də, onun intensivliyi ötənilki kimi olmayacaq.
Alimin sözlərinə görə, bu il quraqlıq iyulun 20-dən avqustun 5-dək olacaq. Yayda havanın temperaturu isə ötən illərlə müqayisədə 1-2 dərəcə daha yüksək olacaq.
Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə Sputnik-ə açıqlamasında bildirib ki, hal-hazırda dünyada qlobal istiləşmə müşahidə olunur və o, bioloji orqanizmlərin həyat ritminin dəyişilməsini və yeni şəraitə uyğunlaşmasını tələb edir:
“Son illər biz isti hava müşahidə edirik. Belə halda insanlar müəyyən rejimə riayət etməlidirlər. Bütün əhali günəş vaxtı, xüsusilə saat 12-dən axşam saat 5-ə qədər olan vaxtı daha yaxşı olar ki, kölgədə və ev şəraitində keçirsin. Həddən artıq isti olan yerlərdə sərinləşdirici kondisionerlərdən istifadə etmək lazımdır, amma onlardan da sui-istifadə etmək olmaz”, — deyə Adil Qeybulla bildirib.
Qeyd edək ki, yüksək hava temperaturu və quraqlığın müşahidə olunması tək insanlara təsir etmir. Bu səbəbdən bitkilərin də inkişaf fazasının ləngiyəcəyi və əsasən pambığın, eləcə də bostan bitkilərinin məhsuldarlığının azalacağı gözlənilir.