BAKI, 16 aprel-Sputnik. Bu gün axşam saatlarından başlayan leysan xarakterli yağış Lerik rayonunun bir sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub.
Sputnik-in məlumatına görə, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov APA-ya bildirib ki, sel suları əsasən rayonun Vizəzəmən, Şingədulan ərazi vahidliyinə daxil olan kəndlərin sakinlərinə ciddi ziyan vurub. Belə ki, ayrı-ayrı vətəndaşlara məxsus xeyli sayda qoyun-quzunu, ev quşlarını sel aparıb, Təbrizli kəndindəki körpü yarasız vəziyyətə düşüb.
Leysan həmçinin rayonun bir neçə hissəsində torpaq sürüşmələrinə səbəb olub.
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür, həmçinin dəymiş ziyan hesablanır.