BAKI, 15 apr — Sputnik. "Təəssüflər olsun ki, Azərbaycanın bank sistemində çox ciddi problemlər yaranıb. Faktiki olaraq bu gün ölkəmizin bank sistemi iflic vəziyyətdədir".
Sputnik xəbər verir ki, bu sözləri parlamentin bu günkü plenar iclasında millət vəkili Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanın bank sistemində likvidlik ön plana çıxarılıb.
"Bank sistemində kredit portfeli çox aşağı səviyyədədir. Banklarda əmanətlərin təxminən 83 faizi dollardadır. Biz əmanətlərin sığortalanması haqqında qəbul etsək də, manatla demək olar ki, proseslər həyata keçirilmir", —deputat qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyətin aradan qaldırılması üçün çox ciddi addımların atılmasına ehtiyac var: "Əgər qısa müddətdə bank sistemində islahatlar həyata keçirə bilməsək, Azərbaycanın iqtisadiyyatında ciddi problemlər yaşanacaq".
Millət vəkili qeyd edib ki, hazırda kənd təsərrüfatının, o cümlədən pambıqçılıq, tütünçülük və digər sahələrin inkişafı ilə bağlı dövlət başçısının göstərişi var: "Bunları həyata keçirmək üçün bank sistemi çevik işləməlidir, əhaliyə kredit verməlidir. Ona görə də bank rəhbərlərini Milli Məclisə dəvət edək, təkliflərimiz var. Onlarla bunu müzakirə etmək lazımdır".