BAKI, 15 apr — Sputnik. Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik xəbər verir ki, gündəliyə 9 məsələ daxil edilib.
İlk olaraq "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu ikinci səsvermədə müzakirəyə çıxarılacaq. Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında, Hesablama Palatasının hesabatı haqqında qanun layihələrinə baxılacaq.
Bundan başqa, iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" Sazişin təsdiq edilməsi haqqında, "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə, "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, "Psixiatriya yardımı haqqında" Qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılacaq.