BAKI, 14 apr — Sputnik. Toy xalqımızın qədim adətlərindəndir. Milli adət-ənənələrin nümayiş olunduğu toy şənlikləri hər bir millətin spesifik xüsusiyyətlərini özündə ehtiva edir. Bununla belə, son illər Azərbaycan toylarında müşahidə olunan hədsiz ifratçılıq, yersiz məsrəflər, dəbdəbə rəqabəti və bu kimi digər tendensiyalar cəmiyyətdə birmənalı qarşılanmır.
Xüsusilə devalvasiya və sosial çətinlik dövründə bu cür lüzumsuz xərcləmərə nə dərəcədə ehtiyac olduğu sosioloq və iqtisadçıları ciddi düşündürməyə başlayıb. Bununla yanaşı, son zamanlar, sanki toyların sayının azaldığı müşahidə olunur.
Şadlıq evlərindən birində (reklam olduğu üçün adını qeyd etmirik) baş inzibatçı işləyən Nazim Dadaşzadə Sputnik-ə açıqlamasında, hazırda ümumiyyətlə toyların kəskin azaldığını söyləyib. Və belə halın son 25 ildə ilk dəfədir ki, baş verdiyini söyləyib.
"Çünki, insanlarda maddi durum pisdir. İnsanlar menyunu azaltmaq istəmir. Müştərini keyfiyyətli yemək yox, çox çeşidli masa maraqlandırır. Müştəri keyfiyyətli məhsuldan hazırlanmış iki salat əvəzinə, keyfiyyətsiz məhsuldan hazırlanan 5 növ salata üstünlük verir. Deyir, "yox e, filankəsin toyunda 5 növ salat var idi, bizdə də belə olmalıdır". Bütün bunlar da israfçılığa aparır", —deyə o bildirib.
Baş inzibatçı restoran biznesinin bəzi sirrlərini də açıb. Belə ki: "Restoranların 80 faizi arendada olduğundan, arendatorlar pul qazanmaq üçün keyfiyyətsiz məhsullardan istifadə edirlər. Bir ayına 20 min manat arenda verən icarəçi toyları elə idarə etməlidir ki, həm arendasını ödəsin, həm də 30-40 nəfərlik işçilərinə maaş verə bilsin, həm də özünə pul qalsın. Bu zaman icarəçi toyda veriləcək yeməkləri "zir-zibildən" hazırlamalı olur. Çox məhsullar keyfiyyətsiz və ucuz eyni zamanda geydirmə məhsular verilir".
N. Dadaşzadə artıq köhnə adətlərin toylarda qalmadığını dilə gətirib: "Hətta xınayaxdı kimi qədim adətlərdən də müştərilər imtina edirlər. Bir faktı da deyim ki, son zamanlar artıq restoranlara maraq azalıb. Bu gedişlə 10 il sonra hamı yenidən palatkalarda toy etməyə başlayacaq. Bu həm maraq, həm maddi imkana bağlıdır".
İqtisadşı ekspert Samir Əliyevin sözlərinə görə isə, toylardakı hazırki israfçılıq Sovet dövründən qalma adətdir: "Bu israfçılığı yas və toy məclislərində görmək olar. Bu mərasimlər zamanı yeməklərin çeşidləri həddindən artıq çox olur. İsrafçılıq ona görə yaranıb ki, vəzifəsindən istifadə edərək, korrupsiya ilə çoxlu pul qazanan insanlar, qazandıqları həmin əziyyətsiz pulları xərcləməyə yer axtarıblar. Eyni zamanda əhalidə bəhsə girmək xüsusiyyətləri var. Bu, toylarımıza da sirayət edir. Lakin hazırda insanların pulunun azalması onları qənaət rejiminə keçməyə məcbur edir".
Ekspert, bu gedişlə şadlıq saraylarına marağın azalacağını və yaxın gələcəkdə çadır toylarına üstünlük veriləcəyini düşünür: "Amma daha çox məhdud çərçivədə, kiçik toylar — 50-100 nəfərlik toylar şadlıq evlərində ediləcək".
Kulturologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, əməkdar mədəniyyət işçisi Sədaqət Əliyeva isə, müasir toylarda unudulan adətlərin yenidən toylara qaytarılmasının tərəfdarıdır. Onun fikrincə, hal-hazırda köhnə adət-ənənələr demək olar ki, qalmayıb.
"Avropaya doğru iri addımlarla getdiyimiz üçün toylarımızı da Avropa qaydalarına uyğun etmişik. Toylarda gəlinin üzünə mütləq duvaq salınmalıdır. Rəvayətə görə, gəlinə toy günü 7 mələk naxışlar vurur. O gəlin ona görə belə gözəl olur. Belə gözəlliyi yalnız bəy görməlidir", —deyə mütəxəssis Sputnik-ə açıqlamasında bildirdi.
S. Əliyeva milliliyimizi qorumağın mütləq olduğunu düşünür: "Yaxşı olar ki, adət-ənənələri qorunub saxlayaq. Aşıq mahnıları, muğam musiqilərinə üstünlük verilməlidir. Toylarımızda milli yeməklər daha çox olmalıdır".
Uzun illər Türkiyədə yaşayan həmyerlimiz Günel Sadıqova da Azərbaycanda çox bahalı toylar keçirildiyini, bu cür hallarla xaricdə rastlaşmadığını deyib: "Keçən il bacımın toyunu İstanbulda keçirdik. Azərbaycan adətlərinin çoxuna riayət etdik. Amma Azərbaycanda olduğu kimi çox sayda yeməklər və bahalı müğənnilər dəvət etmədik. Sadəcə adət-ənənələrimizi qoruyaraq, sadə və yaddaqalan toy elədik. Mənə elə gəlir ki, azərbaycanlılar son zamanlar çox dəbdəbəli və bahalı toylar keçirirlər və sonra borca düşürlər. Toydan sonra uzun müddət borc verməli olurlar. Bu, düzgün deyil".