Bunu aprelin 14-də Sputnik-in Mətbuat Mərkəzində çıxış edən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirib. O, qeyd edib ki, "Açıq Hökümətin təsviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na və "İctimai iştirakçılıq haqqında" Qanununa uyğun olaraq, 8 iyun 2015-ci il tarixində yaradılmış şura təşkilati-struktur, nəzəri-konseptual və operativ-taktiki müstəvilərdə fəaliyyət göstərir.
A. Allahverənov bildirib ki, miqrasiya sahəsində həyata keçirilən siyasətin gücləndirilməsi və bu prosesdə ictimai iştirakçılığın təmin olunması məqsədilə 2015-ci ilin noyabrında təkliflər paketi hazırlanıb: "Biz 2015-ci ilin noyabr ayında vəziyyəti təhlil edib 27 bənddən ibarət təkliflər paketini hazırladıq və onun təqdimatını keçirdik. Hər bir bənd üzrə ayrı-ayrılıqda öz şərhlərimizi verməklə Dövlət Miqrasiya Xidmətinin diqqətinə çatdırdıq. Orada vətəndaşlıqla bağlı, viza təminatı, dil kursları və digər məsələlərlə bağlı müxtəlif təkliflər var idi. Məlumat üçün deyirəm ki, həmin 27 bənddən ibarət olan təkliflərin təqribən 22-si qəbul olundu və onlar artıq reallaşmaq üzrədir".
Şura sədri qeyd edib ki, digər beş təklifdən ikisi şərti xarakter daşıdığından hələki reallaşmayıb, ümumiyyətlə isə hər beş təklif üzrə vəzifələrin icrası ilə bağlı hazırlıq işləri gedir. Azər Allahverənov şuranın miqrantlarla bağlı olan fəaliyyətindən də söz açıb. O, bildirib ki, hal-hazırda Azərbaycan miqrant ölkəsi kimi dəyərləndirilə bilər.
"Ölkə ərazisində çoxsaylı miqrantlar yaşayır. Burada 1500 nəfərə yaxın qaçqın və sığınacaq axtaran şəxslər var. Bundan başqa, ay ərzində Azərbaycan ərazisinə onminlərlə insan daxil olur. Ölkədə böyük sayda miqrant ordusu var və hətta bəzi hallarda biz deyirik ki, Azərbaycan miqrant ölkəsi kimi də tanına bilər", —deyə ekspert bildirib.
Onun sözlərinə görə, 10 milyonluq ölkə əhalisinin təqribən bir milyonunu qaçqın, sığınacaq axtaranlar və məcburi köçkünlər təşkil edir: "Bu və digər məsələlər Azərbaycanı miqrant ölkəsi kimi də dəyərləndirməyə imkan verir".
A. Allahverənov həmçinin bildirib ki, bir illik fəaliyyət ərzində şura tərəfindən 94 qaçqın və sığınacaq axtaran şəxsə Azərbaycan dili kursları təşkil olunub, 300 qaçqın ailəsinə humanitar və 68 qaçqına tibbi yardımlar göstərilib: "Bununla yanaşı, 200-ə yaxın miqranta miqrasiyanın müxtəlif aspektlərində, o cümlədən, vətəndaşlıq, müvəqqəti qeydiyyat, viza təminatı və digər məsələlərlə bağlı vacib məlumatlar verilib".