BAKI, 13 aprel-Sputnik. Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbulunun ləngiməsinə obyektiv səbəblərdən daha çox subyektiv səbəblər mane olur.
Sputnik APA-ya isitnadla bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün parlamentdə keçirilən "Ailə institutunun formalaşmasında adət-ənənələrimizin rolu" adlı tədbirdə deyib:
"Cəmiyyət bilməlidir ki, qanunun qəbulunun əleyhinə olan Qafqaz Müsəlmanları İdarəsidir. Yaranmış vəziyyətlə biz qanunun əleyhinə olan Qafqaz Müsəlmanları İdarəsi ilə, o cümlədən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə görüşlər keçirib narahatlıq doğuran məsələləri onlarla birgə müzakirə edirik. Onlar bizə deyir ki, məsələnin əsl mahiyyəti onlara tam izah olunmayıb.
Artıq indi görüşümüzün nəticəsi olaraq bizə deyirlər ki, layihədə nəzərdə tutulan məsələlər heç də İslama zidd deyil. Bu səbəbdən həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə qanun layihəsinə razılığını artıq verib".
Komitə sədri əsas problemin qanunda ekstrokorproal mayalanma ilə bağlı olduğunu deyib: "Amma burada da elə ciddi problem yoxdur. Necə olur ki, Səudiyyə Ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçirilir, Azərbaycanda yox? Ona görə də burda problem görmürəm".