BAKI, 13 apr — Sputnik. "Biz kənd təsərrüfatının müxtəlif sektorlarını, ilk növbədə pambıqçılığı inkişaf etdirməliyik. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Xüsusilə, son vaxtlar sanksiyalarla əlaqədar müəyyən bazarlar bəzi məhsullar üçün bağlanıb. Əlbəttə ki, bunun bizə aidiyyəti yoxdur. Ancaq indi biz öz kənd təsərrüfatı məhsullarımızı başqa bazarlara çıxarmaq üçün gərək səylər göstərək".
Bunu Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev deyib. Keçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığıldığını qeyd edən Prezidentin sözlərinə görə, özəl qurumlar bunu təkbaşına edə bilməyəcək: "Pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci rol oynayır, ikinci yerli icra orqanları və ondan sonra özəl qurumlar. Ona görə, göstəriş verilmişdir ki, vəziyyət təhlil edilsin və təhlil edilib. Mənə artıq təkliflər verilib. Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilibdir".
"Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək — keçən ildəkindən üç dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərik", —deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 11 ayında 42.6 min ton pambıq toplanıb. 2014-cü ildə 41 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. Göründüyü kimi, pambıq istehsalında azalma müşahidə olunur. Bəs, pambıqçılığı inkişaf etdirmək üçün nələr etməliyik, ayrıca dünyada bu sahədə vəziyyət nə yerdədir?
Bütün insanlığın ehtiyacı olan məhsul
"Pambıq bütün insanlığın ehtiyacı olduğu məhsuldur". Bunu isə Türkiyənin Nazilli Pambıq Araşdırma İnstitutunun rəhbəri Sadettin Öztürk bereket tv-yə açıqlamasında deyib.
Türkiyədə pambıq strateji məhsuldur. Pambıq 15 dəyişik iş yerinin xam maddəsini təşkil etməkdədir. Bu gün pambığın xam maddəsinin işləndiyi sektorlarda 3 milyon insan işləməkdədir.
Hər ailənin 4 üzvü olsa, bu da 12-13 milyon insanın çörək yediyi yer deməkdir. Rentgen kağızının, kağız pulun və s. xam maddəsini pambıq meydana gətirir.
Ən çox pambıq istehsal edən 8 ölkə
Pambıq yığımında müasir texnologiyalardan istifadə çox önəmlidir. Dünyada az sayda ölkənin ekologiyası pambıq yetişdirilməsi üçün əlverişlidir. Ona görə də az sayda ölkə pambıq istehsalı ilə məşğul olur.
Beynəlxalq Pambıq Məşvərət Məclisinin 2007-2014-cü illər arası 8 illik dövrün məlumatları araşdırılanda, dünyada orta hesabla 33,5 milyon hektar sahədə pambıq əkildiyi görünür. Dünyada pambığın əkin sahələrinin ən geniş olduğu ölkə, təxminən 11 milyon hektar sahə ilə Hindistandır. Onun ardınca Çin, ABŞ, Pakistan, Özbəkistan, Braziliya, Burkina Faso və Türkmənistan gəlir. Türkiyə bu siyahıda 9-cu yerdədir.
Dünyada ən çox pambıq istehsal edən ilk 8 ölkə bunlardır — Çin, Hindistan, ABŞ, Pakistan, Braziliya, Özbəkistan, Avstraliya və Türkiyə. İstehlakda isə ilk üç yerdə Çin, Hindistan və Pakistan gəlir. Növbəti yerlərdə Türkiyə, Braziliya və ABŞ gəlir.
Dünyada pambıq lifinin istehsalı 2004-2007-ci illər arasında 26 milyon ton səviyyələrində reallaşarkən, 2008-2009-cu illərdə 23,5 milyon ton, 2009-2010-cu illərdə isə 22,2 milyon ton səviyyəsinə geriləyib. 2010-2011-ci illərdə istehsal artıb və 25 milyon tonu ötüb. 2011-2012-c illərdə istehsal 28 milyon ton olub, 2012-2013-cü illərdə 26,8 milyon ton, 2013-2014-cü illərdə 26,2 milyon ton təşkil edib. 2015-2016-cı illərdə 24,5 milyon ton olacağı proqnozlaşdırılır.
Gələk Azərbaycana…
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda pambıq istehsalında azalmanın fərqi çox böyükdür. Bu sahənin inkişafı üçün hansı işlər görülməli olduğuna gəldikdə, dosent deyib ki, ilk növbədə pambığın əkin sahələri genişləndirilməlidir.
"Pambıq yetişdirən insanlara məhsulun alınacağına dair zəmanət verilməlidir. Zaman-zaman pambıq yetişdirənlər məhsullarını sata bilmədilər, əllərində qaldı. Bunun baza qiymətləri əvvəldən müəyyən olunsa, pambıqçıları bu məhsulu yetişdirməyə təşviq edəcək. Pambığın əsas yetişdirildiyi bölgə Aran rayonları, xüsusilə, Kür-Araz ovasıdır. Burada torpaqların meliorasiyasına ehtiyac var. Drenaj sistemləri yenilənməlidir. Sovet vaxtı bunlar qurulub və artıq bunlar köhnəlib, çoxları işə yarasız hala gəlib", —deyə ekspert bildirib.
Onun sözlərinə görə, pambıq ən çox su tələb edən bitkilərdən biridir və suvarma problemi həll olunmalıdır: "Digər tərəfdən, gübrə təminatı olmalıdır. O vaxtı Sumqayıtda 300 min ton gübrə istehsal edən fabrik var idi. İndi o fabrik fəaliyyət göstərmir. Pambıqçıların peşəkar birlikləri yoxdur. Lazım olanda bir araya gəlib müəyyən işləri sistemli şəkildə tələb edə bilsinlər. Əvvəlki iqlimə uyğun pambıq toxumlarının bərpası lazımdır. Bu sahədə fəaliyyət genişləndirilməlidir".
Azərbaycanda pambığın istehsalının da kifayət etmədiyini deyən Q. Bayramlı əlavə edib ki, pambığın emalı üçün iplik fabrikləri genişləndirilməlidir: "İstehsal olunan iplikdən Azərbaycanda özünəməxsus yüksək geyim vasitələri istehsal edilməlidir. Təcrübə var. Sadəcə bunu sistemli şəkildə bərpa etmək lazımdır. Azərbaycanda Sovet dövründə fəaliyyət göstərən emal müəssisələri indi ya bağlanıb, ya da kiçik həcmdə fəaliyyət göstərir. Düşünürəm ki, Azərbaycan bu sahədə həm Özbəkistan, həm Türkiyə ilə işbirliyi həyata keçirə bilər. Dövlət başçısının son çıxışından sonra düşünürəm ki, bu sahədə irəliləmə olacaq".
Ekspert hazırda dünyada da pambıq istehsalının aşağı düşdüyünü qeyd edib: "Ümumiyyətlə, dünyada pambıq istehsalının azalmasının səbəbi pambığı əvəz edən süni materialların çıxması, onun tətbiqi ilə əlaqədar oldu".
Kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanda 2017-ci ildə pambıq istehsalı və əkin sahələrinin genişləndirilməsinin 80-100 faiz artırması planlaşdırılır: "Bu niyyətimizə nail olacağımızı düşünürük".
İlk növbədə nə etməli?
"İndi pambıqçılıq mürəkkəb bir sahəyə çevrilib. Sovet dövründə hökumət pambığın sifarişini verirdi, əldə olunan məhsulun emal olunması, həmin məhsuldan sənayedə istifadə olunması — bütün bunlar sistemli qaydada qurulmuşdu. İndi pambıq istehsalında yalnız xammal əldə edib, onu dünya bazarına çıxarmaq sərfəli deyil".
Bunu isə Sputnik-ə açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, hazırda dünya bazarına kifayət qədər böyük həcmdə, keyfiyyətli məhsul istehsal edib çıxaran ölkələr var: "Çin, Hindistan, ABŞ, Özbəkistan, hətta İsrail çoxlu həcmdə məhsul istehsal edir. Həmin ölkələrdə daha müasir texnologiyalardan istifadə olunur. Onlar çalışır ki, istehsalın həcmini artırmaqla, yanaşı keyfiyyətini də artırsınlar".
Ekspert Azərbaycanın dünya bazarına məhsul çıxarmaqla yaxşı gəlir əldə edə biləcəyimizə bədbin yanaşır: "Biz hələ keyfiyyətli məhsul istifadə edə bilmirik. Məhsuldarlıq aşağı olduğu üçün məhsulun maya dəyəri yüksəkdir. Bu da imkan vermir ki, bizim istehsal etdiyimiz mal, məhsul rəqabətli olsun".
"Pambıqçılığı inkişaf etdirmək üçün hansı işlər görülməlidir?" məsələsinə gəldikdə, ekspertin fikrincə, ilk növbədə məhsuldarlığı artırmaq, keyfiyyəti yaxşılaşdırmaq, məhsulun bir hissəsini ölkə daxilində emal edib, ondan yüngül sənayedə (parça istehsalı və s.) istifadə etmək lazımdır: "Bunun üçün də sərmayəyə, maliyyə vəsaitinə ehtiyac var. Sənaye müəssisəsini idarə edə, işlədə biləcək müasir tələblərə cavab verən kadrlar hazırlanmalıdır. Bu sahədə bir dövlət proqramı qəbul olunmayıb. 2010-cu ildə "Pambıqçılıq haqqında" qanun qəbul edildikdən sonra, pambıqçılıq demək olar ki, sıradan çıxarıldı. Bu ona görə baş verdi ki, qanunda daha çox üstünlük emal müəssisələrinə verilirdi, nəinki istehsal ilə məşğul olan fermerlərə".