BAKI, 13 apr — Sputnik. Aprelin ilk həftəsində Azərbaycan ordusunun Ermənistanın təxribatlarına verdiyi tutarlı cavabla tarixə "dördgünlük müharibə" adı altında düşən hadisələr, təkcə orduların nəyə qadir olmasını nümayiş etdirmədi, təkcə insanların öz şəhidləri ilə fəxr etməsinə səbəb olmadı, həm də bu hadisələr təmas xəttinə yaxın kəndləri iflic vəziyyətinə saldı. Yazın gəlişi kəndlinin sahələrə çıxaraq, əkin-biçinə başlamasına, bununla da növbəti müddət üçün həm özünün, həm də dövlətin ərzaq təhlükəsizliyini təmin etməsinə bir işarədir. Bu il təmas xəttinə yaxın kəndlərin əhalisi bu starta ən azı bir həftə ləngidi.
Bizim qulağımız illərdir, atəş səsinə öyrəşib. Bəzən olub ki, səhər yuxudan durub həyətdən çıxanda görmüşük ki, darvazamızı güllə deşib, yaxud hasarımızdan daşlar tökülüb. Biz bu barədə heç kəsdən heç nə soruşmuruq. Çünki bilirik ki, ermənilərin gecə atdığı pərakəndə güllələrdən biri də bizim darvazaya, hasara dəyib".
Bu sətirləri Sputnik-in bölgə müxbiri ilə söhbətində, Füzulinin Gorazıllı kəndindən qaçqın düşəndən sonra Zobucuq qəsəbəsində məskunlaşan Şakir Avdıyev deyib. Onların məskunlaşdıqları qəsəbədə adamların, eləcə də qayğısız yaşayan, qonşularla nə baş verdiyindən bixəbər olan uşaqların hər an düşmən gülləsinə tuş gələ biləcəyindən sadə bir dillə danışan Ş. Avdıyev deyir: "Qardaşım, bacım, ana-atam, uşaqlarımız, hamımız bir evdə yaşayırıq. Mənim iki, qardaşımın iki, bacımın isə üç övladı var. Uşaqlar bütün günü həyətdə, ya da darvazadan kənarda oynayırlar. Bir dəfə uşaqlar həyətdə oynayanda güllələrdən biri oğlumun yanındakı daşa dəyib daşı parça-parça elədi".
"Daşın bir qırığı oğlumun baldır nahiyəsinə girmişdi. Onu Horadiz xəstəxanasına çatdırdıq. Həkimlər uşağın ayağını yarıb daşı çıxardılar. Amma nəsə infeksiya düşmüşdü, uşağın ayağı sağalmırdı. Az qalırdılar, uşağın ayağını kəssinlər. Sonra onu Ağcabədidə tanış bir həkimə apardıq. Onun müdaxiləsindən sonra, şükürlər olsun ki, uşağın ayağı sağaldı. Amma bunun üçün 5-6 ay vaxt lazım gəldi", —deyir həmsöhbətimiz.
Onda oğlum nə baş verdiyini dərk etmədiyini deyən Ş. Avdıyevin sözlərinə görə, oğlu evdəkilərin danışığından eşitmişdi ki, ermənilərin atdığı güllə daşa dəyib, daş da onun ayağını yaralayıb: "Ona deyəndə ki, ermənilər eləyib, deyirdi ki, yox, daş eləyib".
Kənd sakini deyir ki, aprelin əvvəlində atəşkəs zolağında vəziyyət gərginləşəndə onların da vəziyyəti gərginləşmişdi. Amma atəşkəs bərpa ediləndən sonra bir qədər rahatlaşıblar: "Neçə gündür, arvad-uşağı çölə-bayıra buraxa bilmirdik — güllə-filan dəyər deyə. Uşağı da 2 otaqlı evin içində nə qədər saxlayasan? Onlara başa salmaq olmur ki, güllə nədir, onu kim atır, niyə onlara dəyər, kim və niyə onları öldürmək istəyir. Biz də kəndliyik. Gözümüzü torpağa, mal-qaraya dikmişik. Biz az dirrik düzəltmişik, 5-10 qoyun, inək saxlayırıq ki, dolana bilək. Neçə gün idi, əkdiyimizi suvarmağa ehtiyat edirdik. Heyvanları da örüşə buraxmırdıq ki, gedər, güllə dəyər. Yenə heyvan cəhənnəmə, çobana, naxırçıya xətər toxunar. İndi sakitçilikdir deyə, tarlaya çıxmışıq. Dirriyi suvarırıq, alaqdan təmizləyirik".
Məcburi köçkün düşdükləri dövrdə xeyli qohum-əqrəbasını itirdiyini deyən Şakir, o illəri kədərlə xatırlayır. Ömrünün son illərini köçkün həyatı yaşayan nənəsi Sonadan danışarkən kövrəlir: "Nənəmin 90-dan çox yaşı vardı. Həyat yoldaşını — babamı İkinci Dünya Müharibəsində itirmişdi. Üç uşağını min bir əziyyətlə böyütmüşdü, evli, ailəli etmişdi. Əmim köçkünlük dövründə dünyasını dəyişdi. Nənəm isə yaddaşını itirmişdi. Amma elə hey deyirdi ki, mən öləndə aparıb kəndimizin qəbiristanlığında dəfn edərsiz. Biz zarafatla ona deyirdik ki, Qurgen (şərti erməni adı) imkan versə, mütləq. Biz nənəmizlə zarafat edirdik. Amma əlbəttə, insanları vəsiyyət etdikləri yerdə dəfn etmək imkanının olmaması çox ağır məsələdir. Nənəm öləndə söz vermişəm ki, onu nə vaxtsa kəndimizə aparıb dəfn edəcəm. Kəndimiz alınanda ilk görəcəyim iş bu olacaq".
Şakir müharibə istəmədiyini deyir: "Biz müharibənin qan-qadasını, itkisini, ağrısını görmüş adamlarıq. Biz öz vətənimizdə qəribik. Bu, bizə çox ağır gəlir. Amma ümidimizi itirmirik. İnanırıq ki, nə vaxtsa öz yurdumuza qayıdacağıq. Biz sülh tərəfdarıyıq. Erməni silahlıları torpaqlarımızdan getsin, biz də öz evimizə qayıdaq".
"Biz kəndliyik, torpağımızı əkib-becərmək, mal-qaramızı otarmaq, rəvan həyatımızı sürmək istəyirik. Uşaqlarımızın güllə səsləri və ölüm qorxusu altında böyüməsini istəmirik. Ötən il tarlaya işləməyə getmişdik. Xoşbəxtlikdən, uşaqları da özümüzlə aparmışdıq. Kiçik oğlum evdə pəncərənin altında yatır və adətən yuxudan gec oyanır. Həmin gün elə bil beynimizə düşdü ki, uşaqları da aparaq. Uşağı zorla yuxudan oyadıb özümüzlə apardıq. Evə qayıdanda gözümüzə inanmadıq. Ermənilər atmışdılar, evin pəncərələrinin şüşələri qırılmışdı, Şüşə qırıqları və güllələr uşağın yatağına tökülmüşdü, güllənin biri uşağın yastığını deşmişdi, qazın tükləri ətrafa səpələnmişdi. Uşaq həmin vaxt yatmış olsaydı, indi yəqin ki, həyatda yox idi".
Qarabağ torpağının çox münbit olduğunu deyən kənd sakini, müharibənin kəndlini torpaqdan ayırdığını qeyd edir: "Bu torpaqlar qızıldır. Torpağa nə əksən, bitir. Buranın göyərtilərinin, heyvanların ətinin dadı bir başqadır. Bu yaxınlarda Rusiyadan bibim nəvələri bizə qonaq gəlmişdilər. Onlara quzu kəsdim, kabab bişirdim. Onlar dedilər ki, indiyədək bu cür dadlı əti heç yerdə yeməyiblər. Anam göyərtilərdən yığıb onlara kətə bişirdi. Ətri bütün ətrafa yayılmışdı. Özləri də anamla bir yerdə bıçağı götürüb getdilər ki, çöldən göylərdən yığsınlar. Onlara tapşırdıq ki, ehtiyatlı olun, ermənilər atarlar, sizə dəyər. Bibim nəvəsi zarafatla dedi ki, onlara deyərik, biz Rusiyadanıq, bizə atmayın. Yəni müharibə təkcə adamları canından eləmir, həm də torpaqdan ayırır. "Dədə Qorqud" filmində deyildiyi kimi əgər torpağı əkib becərmədinsə, onu qorumağa dəyməz. Əgər qorumadınsa, əkib-becərməyə dəyməz".
Son dərəcə söhbətcil və maraqlı adam olan Şakirlə biz dinc vaxtlarda görüşmək ümidi ilə vidalaşdıq. O bizi çaya dəvət etdi, quzu kəsib kabab bişirməyi təklif etdi. Biz isə ona söz verdik ki, Gorazıllı azad olunandan sonra ona qonaq gedəcəyik və onda bizə Qarabağ quzusundan kabab bişirər.