BAKI, 12 aprel-Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb.
Sputnik president.az-a istinadla xəbər verir ki, prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Məleykə Mehdi qızı Abbaszadəni Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edib.
Qeyd edək ki, Məleykə Abbaszadə ötən gün prezidentin fərmanı ilə ləğv olunmuş Tələbə qəbulu üzrə Dövlət Komissiyasının sədri idi.
Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Fərmanda müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Şura sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.
Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu bir milyon manat olmaqla dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.