BAKI, 11 apr — Sputnik. Rusiya İrana S-300 raketdən müdafiə sistemləri göndərib. Sputnik haberler-ə istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Cabiri Ənsari deyib.
Onun sözlərinə görə, bu gün İran tərəfi həmin sistemlərin ilk partiyasını alıb: "Yaxın dövrdə qalan hissəsini də təslim alacağıq".
Rusiya ilə İran 2007-ci ildə S-300 kompleksinə dair razılığa gəlmişdi. Ancaq 9 iyun 2010-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən verilən qərar səbəbindən İranla olan hərbi texniki əməkdaşlıq dayandırılıb. Bu səbəbdən S-300-lərin çatdırılması təxirə salınmışdı.
Sonra İran Rusiya, ABŞ, Çin, İngiltərə, Fransa və Almaniya ilə özünün nüvə proqramı üzrə razılığa gəldi. Bunun ardınca Rusiya 2015-ci ilin aprel ayında S-300-lər ilə əlaqədar qadağanın qaldırıldığını və yaxın zamanda İrana təslim ediləcəyini bildirmişdi.
S-300-lərin hamısının 2016-cı ilin iyul ayına qədər İrana təslim edilməsi planlaşdırılır.
Strateji əhəmiyyət daşıyan bina, hərbi baza və komplekslərin müdafiə olunması üçün hazırlanan S-300 sistemləri fərqli növlərdə hədəfləri vura bilir. Hədəfi vurmaq qabiliyyəti olduqca yüksək olan bu raketlər bir çox ölkə tərəfindən istifadə edilir.