BAKI, 11 apr — Sputnik. Professional ordu dedikdə, ağıla, hər şeydən öncə müqaviləli sistem gəlir. Sadə dillə desək, bu sistemdə əsgərlər müqavilə əsasında maaşla işə götürülür və peşəkar səviyyədə yetişdirilir.
Orduda sayca ixtisar aparılıb, keyfiyyət artırılır. Bu zaman həm ordunun, həm də əsgərin mənəvi səviyyəsi artır. Əsgər artıq dövlətin müqaviləli işçisi olur və cəmiyyətdə ciddi imic qazanır. Bu həm də əsgər ölümlərinin və eləcə də əsgər intiharlarının sayının azalmasına təsir göstərir.
Texnologiyanın irəliləməsi nəticəsində, əksər dünya ölkələri orduda əsgər sayını azaldaraq peşəkar zabitlər yetişdirməyə başladı. Çünki artıq müharibələr meydan savaşı xarakteri daşımır. İndi texniki təchizata əsaslanan ordu, tərkibində yüzminlərlə əsgəri olan orduların yerini alıb desək, yanılmarıq.
Bu gün dünyanın əksər ölkələrində məcburi əsgərlik tətbiq edilmir. Bu ölkələrin sayı hazırda 103-dür. Fransa, İtalya, İngiltərə, Almaniya, İspaniya, İrlandiya, Hollandiya, Belçika, Çexiya Respublikası, Macaristan, Slovakiya, Sloveniya və s. dövlətlərdə məcburi əsgərlik yoxdur. Bu ölkələrdə könüllü əsgərlik sistemi tətbiq olunur və vicdani imtina haqqı tanınır.
Azərbaycanda bu sistemə keçilməsinin mümkünlüyünə gəldikdə, rəsmilərin verdiyi açıqlamalarda ölkənin müharibə şəraitində olması və büdcənin bu sistemə keçməyə imkan vermədiyi qeyd olunur. Hərbi ekspert Şükür Məmmədov isə hesab edir ki, hərbi texnikanı əla bacaran bir müqaviləli əsgər on mükəlləfiyyətli əsgərdən daha faydalıdır.
"Dünya meydan müharibəsi dövrünü artıq çoxdan başa vurub. Zaman hərbi texnikanın öz sözünü dediyi zamandır. Tam əminliklə deyərəm ki, hərbi texnikanı əla bacaran bir müqaviləli əsgər, on mükəlləfiyyətli əsgərdən daha faydalıdır", —deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.
Ş. Məmmədov, peşəkar orduya keçidə büdcənin imkan vermədiyi barədə deyilən fikirlərə də münasibət bildirib: "Azərbaycanın müdafiə xərclərinin 4 milyard dolları keçdiyini nəzərə alsaq, bu vəsaitin çox az hissəsi hesabına müqaviləli sistemə keçmək tam mümkündür. Bu, həm ordunun peşəkarlığına, həm əsgər hüquqlarının yenidən nəzərdən keçirilməsinə, eləcə də orduda şəffaflığa müsbət təsirini göstərəcək. Zənnimcə, pullu əsgərliyə keçidin vaxtı çoxdan çatıb".
Hərbi ekspert əlavə edib ki, ordudaki əsgər ehtiyacı müasir hərbi texniki vasitələri bilən mütəxəssis sahəsində yaranır: "Texnologiyanın inkişafı, professional orduya keçməyi zəruri edir".
Hərbi ekspert Üzeyir Cəfərov da professional ordunun daha xeyirli olduğunu düşünür: "Milli Məclisdə belə fikirlər səslənirdi ki, biz müharibə aparan ölkəyik, pullu əsgərliyə keçid bizə baha başa gələ bilər. Amma bu yanlış fikirdir. 100 minlik qeyri-peşəkar, həyat təcrübəsi zəif olan, 18-20 yaşlı uşağı saxlamaqdansa, üstəlik buna külli miqdarda vəsait xərcləməkdənsə, 50 min peşəkar, maaşlı hərbçi saxlamaq daha sərfəli və daha yaxşıdır. Həm də büdcəmizə də xeyli qənaət edilmiş olar".
Ekspert peşəkar ordunun bütün parametrlərinə görə tam fərqləndiyini qeyd edib: "Bu cür sistemə keçid olsa, bundan dövlət də qazanclı çıxar. Peşəkar əsgər ona verilən tapşırığı, adından da göründüyü kimi, peşəkarcasına yerinə yetirəcək. 18-20 yaşlı təcrübəsiz insanın hazırlanmasına aylarla vaxt gedir, dövlətin xeyli vəsaiti itirilir. İldə 4 dəfə hərbi xidmətə çağırılan gənclərlə müqayisədə peşəkarlara daha az vəsait sərf olunur".
Onun sözlərinə görə, maaşlı, yəni peşəkar əsgər, ona həvalə olunan hərbi texnikaya göz bəbəyi kimi baxır və qoruyur: "Sadə dillə desək, bu, onun çörək ağacıdır. Müqaviləli əsgər həmin o texnikanı məharətlə istifadə etdiyinə görə müxtəlif dərəcələr alır, nəticə göstərəndə mükafatlandırılır".
Üzeyir Cəfərov sonda bildirib ki, peşəkar əsgərlərin olması komandirlər üçün də rahatdır: "Çünki onların hazırlığına əlavə vəsait xərcləməyə ehtiyac yoxdur. Bir sözlə, mən pullu əsgərliyə keçidin tam tərəfdarıyam".