BAKI, 26 yan — Sputnik. Müdafiə Nazirliyi cəbhədə Azərbaycan tərəfinin diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatları təkzib edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri həmin vaxtda heç bir fəaliyyət həyata keçirməyiblər.
“Düşmən o qədər qorxuya və səksəkəyə düşüb ki, hər yerdə gözünə Azərbaycan əsgəri görünür”, deyə nazirlikdən bildirilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün səhər saat 04.00 radələrində guya Azərbaycan diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd etdiyi və cəhdin qarşısının alındığı barədə məlumat yayıb.