BAKI, 11 apr — Sputnik. Neft qiymətlərində iki ayın ən sürətli yüksəlişi yaşandı. Dünyanın ən böyük neft istehsalçılarının istehsalın dondurulması ilə bağlı keçirəcəyi görüşdən əvvəl bu qazanclar özünü qorudu.
Venesuela Qətərin paytaxtı Dohada keçiriləcək görüşdə istehsalın azaldılması ilə bağlı ilk addımın atılmasının lazım olduğunu qeyd edib. Onu da qeyd edək ki, ABŞ-da aktiv neft qazma quyusunun sayı 2009-cu ildən bəri ən aşağı səviyyəyə enib.
Sidneydə "CMC Markets"-in baş stratejisti Michael McCarthy deyib ki, neftin qiymətinin qalxma potensialı var, amma Dohada razılığın əldə edilməsi ehtimalı çox aşağıdır. Səudiyyə Ərəbistanı ancaq İranın qatılacağı təqdirdə istehsalı dondura biləcəyini açıqlayarkən, Küveyt Tehranın dəstəyi olmadan da razılığa gələ biləcəklərini qeyd edib.
Bu arada, London əmtəə birjasında "Brent" markalı neftin 1 barreli 42.05 dollara qalxıb. NYMEX əmtəə birjasında "WTI" neftinin qiyməti 1 barelə görə artaraq 39.81 dollara qalxıb.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, son günlər neftin qiymətinin qalxmasının bir neçə səbəbi var: "Son günlərdə dünya birjalarında dolların ucuzlaşması baş verdi, təqribən 2 faizdən çox dollar digər valyutalara qarşı ucuzlaşdı. Bunun da təsiri oldu. Dollar ucuzlaşdıqca neftin bahalaşmasına təsir göstərir. Keçiriləcək Doha görüşünün də buna təsiri var".
Ekspert qeyd edib ki, Dohada keçiriləcək görüşdə ciddi optimizm görünmür: "Əgər İran qatılmayacaqsa, burda razılaşmanın əldə olunmasının mənası qalmır. Çünki, İran neft ixracını artırır. Kimsə hasilatı azaltsa, İran onun yerini tutmağa hazırlaşır. Bu görüşdə hətta bazarların təxmin etdiyi bir qərar çıxmazsa, neftin qiyməti kəskin düşəcək, 35 dollara qədər enmələrin şahidi ola biləcəyik. Əgər razılıq əldə edilərsə, neftin qiyməti 45 dollar civarına qalxa bilər".
Dolların ucuzlaşmasına da toxunan ekspert əlavə edib ki, bu, FED-lə bağlıdır: "FED çox yumuşaq bəyanat verdib. FED faizlərin artırılmasını ertələyə biləcəyini açıqlayıb. Dolların məzənnəsinin aşağı olması ixracatçılara dəstək olmaq üçün vasitələrdən biridir. Ona görə də FED bu addımları düşünülmüş şəkildə atacağını açıqlayıb. Çox güman ki, FED-in aprel ayındakı iclasında faiz artırılmayacaq".
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul isə Sputnik-ə açıqlamasında deyib ki, neftin qiymətinə təsir edən ən böyük amil bazarda təklifin tələbdən çox olmasıdır: "Hələ ki, təklif-tələb amilində ciddi bir addım atılmayıb ki, neftin qiyməti qalxa bilsin. Bundan başqa, digər amillər də var".
Ekspert bildirib ki, neft bazarı çox həssasdır: "Müvəqqəti bazar təsirlənmələri olacaq. İndiki qiymət artımı müvəqqəti artımdır. 2016-cı ildə neftin orta qiyməti 50 dollardan aşağı olacaq".
Qeyd edək ki, Azərbaycanı Doha görüşündə Energetika naziri Natiq Əliyev təmsil edəcək.