BAKI, 8 apr — Sputnik. "Qəbul olunmuş yeni qanunvericilik aktları əsasında cinayətlərin qarşısının alınması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-a yaxın informasiya sistemi istifadəyə verilib. Qabaqlayıcı iş sahəsini tənzimləyən geniş normativ baza yaradılıb".
"Report"un məlumatına görə, bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov nazirlikdə "Uçot-qeydiyyat intizamına riayət edilməsi”nin, "Mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq, quldurluq və avtonəqliyyatın qaçırılması cinayətlərinin qarşısının alınması və açılması"nın, həmçinin, “Cinayətlərin profilaktikası" sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.
C.Məmmədov bildirib ki, təkcə ötən il müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə 87 min 233 vətəndaş müraciət edib: "Cinayətlərin, xüsusən ailə-məişət zəminində, əvvəllər məhkum olunmuş şəxslər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlərin qarşısının vaxtında alınması, profilaktik iş qurumlarının bu sahədə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə özündə qabaqlayıcı tədbirləri əks etdirən göstərişlər hazırlanaraq yerlərə göndərilib. Məqsədyönlü islahatlar cinayətlərin profilaktikası sahəsində mühüm funksiyaları həyata keçirən polis sahə rəisləri və inspektorları institutunu da əhatə edib, onların peşəkarlıqlarının artırılması məqsədilə respublika toplantısı, zonalar üzrə virtual seminar-məşğələlər keçirilib. Polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, əhali ilə əlaqələrin genişləndirilməsi, vətəndaşların polis sahə məntəqələrinə müraciət etməsinin asanlaşdırılması istiqamətində işlər davam etdirilərək sahə məntəqələrinin ünvanları, telefon nömrələri, vətəndaşların qəbul günləri və saatları, orada xidmət aparan əməkdaşlar barədə zəruri məlumatlar və onların əlaqə telefonları Nazirliyin veb saytına yerləşdirilib. Görülmüş tədbirlərlə təkcə ötən il müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə 87 min 233 vətəndaş müraciət edib ki, bu da 2014-cü illə müqayisədə 3 faiz çoxdur".
Onun sözlərinə görə, həyata keçirilən bu və digər tədbirlər əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də cinayətlərin profilaktikasında müsbət nəticələri şərtləndirib: "2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, mal-qara oğurluqları 17,1 faiz, əzab vermələr 26,3 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4 faiz azalıb".