BAKI, 8 aprel-Sputnik. "Biz bu səfərə böyük önəm veririk. Görüşdə ölkələr arasındakı münasibətlər, regional məsələlər, o cümlədən Dağlıq Qarabağda baş verən son hadisələr detallı şəkildə müzakirə olundu".
Sputnik xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Rusiya baş naziri Dmitri Medvedevlə görüşdən sonra mətbuata verilən birgə bəyanatda belə deyib.
Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin növbəti təzahürüdür.
"Dmitri Medvedevin Azərbaycana səfəri münasibətlərə verilən önəmi göstərir" — deyə prezidenti bildirib.
O, həmçinin deyib ki, uzun müddətdir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, o cümlədən ətrafdakı 7 rayon işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqın var: "Münaqişənin tənzimlənməsi ilə bağlı mexanizm və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan atəşkəsə əməl edir, Ermənistanın da atəşkəsə əməl edəcəyinə ümidvardır:
"Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır. Biz, sadəcə, torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq. Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır və danışıqlar prosesini davam etdirəcəyik. Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərini dəstəkləyirik. İnanırıq ki, "status-kvo" dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək. Bundan sonra region çiçəklənəcək, bütün region ölkələri inkişaf edəcək".