Tərtər şəhərinin dinc sakini Olqa Kruqlovanın evinə erməni birləşmələri tərəfindən atılmış mərmi aprelin 2-də, döyüşlərin ən qızğın vaxtında düşüb.
Tərtər şəhərinin sakini Olqa Kruqlova mənşəcə rusdur. Erməni hərbi birləşmələri tərəfindən atılmış mərmi onun evinə düşəndə Kruqlova qızı ilə evdə olub. Təsadüfdən mərmi başqa otağa düşüb. Kruqlovanın qızı Gülnarənin Sputnik-ə verdiyi məlumata görə, anası hadisədən sonra stress keçirib və hələ də özünə gələ bilmir. Həmçinin Gülnarə xanım bildirib ki, erməni birləşmələri hələ aprelin 1-dən şəhəri atəşə tutmağa başlayıblar, onların evinə isə aprelin 2-də səhər saat 10 radələrində mərmi düşüb. Onlar tələsik şəkildə gizləndikləri yerdən çıxıb qaçdıqdan sonra evə daha bir neçə dəfə mərmi düşüb və onun bir hissəsi tamamilə dağıdılıb.
Kruqlovanın qızı qeyd edib ki, yaşayış evi gün ərzində bir neçə dəfə atəşə məruz qalıb və bu şəhərdə yeganə hadisə deyil. Başqa evlər də atəşə tutulub, ölənlər və yaralananlar var.
Gülnarə xanım Tərtərin çoxmillətli şəhər olduğunu, burada rus, ləzgi və digər millətlərdən olan şəxslərin yaşadığını deyir.
Tərtər rayonunun kəndləri də artilleriya atəşinə məruz qalıblar. Dinc əhali arasında ölən və yaralananlar çoxdur, sağ qalanların çoxu evlərindən məhrum olublar.