"Bu gün media dünyada ən lazımlı bir sahədir. Media vasitəsilə həqiqətləri dünyaya çatdırmaq mümkündür. Ermənistanın təxribatının qarşısını almaq üçün mütləq media düzgün yöndə fəaliyyət göstərməlidir və informasiyaları düzgün vermək lazımdır".
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bu gün "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" mövzusunda keçirdiyi mətbuat konfransında, millət vəkili Elxan Süleymanov belə deyib. Deputatın sözlərinə görə, bir çox dövlətlər Qarabağ həqiqətlərini etiraf edə bilmir.
"Heç bir dövlət Qarabağ həqiqətlərini görmək istəmir. Buna görə bizim daha çox mübarizəyə ehtiyacımız var. Biz bu gün bütün dünyaya həqiqətləri göstərməliyik. Dünyanı idarə edən Ağ evə petisiya göndəririk. Mayın 6-dək 100 min həmvətənimiz səs verməlidir. Mən inanıram ki, bu rəqəm daha çox olacaq", —deyə E. Süleymanov bildirib.
Konfransda çıxış edən layihə rəhbəri İradə Yaqubova petisiyaya səsvermə qaydalarını izah edib. Layihə rəhbəri qeyd edib ki, Azərbaycan üçün əhəmiyyətli olan bu layihədə hər kəs aktiv iştirak etməli və bu xəbəri sosial şəbəkələrdə yayaraq daha çox həmvətənimizin bu layihəyə qoşulmasına kömək olmalıdır.
Qeyd edək ki, petisiya 6 aprel tarixindən aktiv olub. Petisiyaya bir gün ərzində 8300 imza toplanıb.