Jurnalistika professoru Qulu Məhərrəmlinin sözlərinə görə, "Molla Nəsrəddin" kimi satirik jurnallara həmişə ehtiyac olacaq. "Mirzə Cəlil özü deyirdi ki, "Molla Nəsrəddin"i zəmanə yaratdı. Amma bizdə zəmanənin "Molla Nəsrəddin"inə təlabat olsa da, onu yarada bilən insanlar və şərait yoxdur. Əslində bizim bu gün nöqsanlarımızı və cəmiyyətdəki neqativ halları tənqid etməyə ciddi ehtiyac var. O cür jurnala da ehtiyac var. Amma onun üçün bir yaxşı Mirzə Cəlil və onun yaradıcı kollektivi lazımdır. Ona görə mən hesab edirəm ki, o cür satirik jurnallara həmişə ehtiyac olub və bu gün də Azərbaycan cəmiyyətində o ehtiyac var", —deyə professor Sputnik-ə açıqlamasında bildirib.
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının dosenti Qərənfil Quliyeva isə Sputnik-ə açıqlamasında deyib ki, "Molla Nəsirəddin" jurnalında qaldırılan erməni-müsəlman problemi indi də yaşanır: "Əlbəttə, "Molla Nəsrəddin" bu gün də yaşayır. Çünki "Molla Nəsrəddin" ana dili məsələsini qaldırırdı. Bu gün də ana dilimizi bəyənməyib ana dilimizdə danışmağı özünə sığışdırmayanlarımız var".
"Və yaxud milli məsələmiz. Bu gün də milli məsələ ilə bağlı erməni-müsəlman problemi qalxıb. Bu, "Molla Nəsrəddin"in uzaqgörənliyidir", — Q. Quliyeva vurğulayıb.
Məlumdur ki, "Molla Nəsrəddin"çilər çarizmin ağır senzurası və xurafat tərəfdarlarının təzyiqləri altında fəaliyyət göstəriblər. Rəsmi məlumatlara görə, hal-hazırda Azərbaycanda 5 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Bəs "Molla Nəsrəddin" yenidən yarana bilərmi?
Qərənfil Quliyevanın sözlərinə görə, bunun üçün Mirzə Cəlil kimi dahi şəxslər olmalıdır: ""Molla Nəsrəddin"i yenidən yaratmaq üçün mirzə cəlillər, sabirlər, haqverdiyevlər və belə dahilər yaranmalıdır. Onların 110 il bundan qabaq toxunduqları məsələlərin böyük əksəriyyəti bu gün də aktualdır. Elə cəhalət məsələsi. Bu gün də elə insanlar var ki, həkimi qoyur kənara, kiminsə yanına gedib dua yazdırır, tibbi inkar edib başqa cəhalət işlərlə məşğul olur. Deməli, bu problemlər o zaman da var idi, bu zaman da var".
Qeyd edək ki, "Molla Nəsrəddin" jurnalının birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Ümumilikdə, 25 il ərzində 748 nömrəsi çıxıb.
"Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi və başqa şair, yazıçı və jurnalistlər fəaliyyət göstərirdilər.