BAKI, 7 apr — Sputnik. Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb.
Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilib. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə edib (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir. 30 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.