Cəbhə bölgəsində yaşanan son toqquşmalar zamanı insanlar kütləvi şəkildə qanvermə aksiyasına qoşuldular. Mərkəzi Qan Bankında (MQB) toplanan qan yaralı əsgərlərimizin qanla təmin olunmasına sərf olunur.
Lakin bununla bağlı sosial şəbəkədə müxtəlif şayiələr də dolaşmağa başladı. Yığılan qanın əsgərlərə pulla satıldığına dair iddialar da ortaya atıldı. Sputnik-in əməkdaşı bu və digər məsələlər ətrafında, MQB-nin direktoru Pərvanə Hacıyeva ilə həmsöhbət olub.
- Pərvanə xanım, Banka yetərli qədər qan yığılıbmı və yaralıların qanla təminatında problemlər yaranmadı ki?
— Aprel ayının 1-dən 2-sinə keçən gecə cəbhə həddində atəşkəsin pozulması nəticəsində yaralılarımız oldu. Qan bankı ilk yardımı 2 aprel, səhər saat 7-də təcili tibbi yardım maşınları ilə cəbhə bölgəsinə göndərib. Ağdam, Tərtər, Sarıcalı xəstəxanaları tərəfindən Qan bankından qan və plazma tələb olundu. Biz ilk yardımı 2 aprel səhər saat 7-də təcili yardım maşınları ilə göndərdik. 2 apreldən bu yana hər üç saatdan bir ön cəbhə xəttində yerləşən xəstəxanalara qan və plazma göndərməli olduq. Hətta elə vaxt olub ki, hər bir saatdan bir qan göndərmişik. 4 aprel tarixində Bərdə bölgəsindən bizə məlumat verildi ki, "artıq bizdə insanlar könüllü şəkildə qan verməyə gəlir, bizdə qan çoxdur, qan göndərməyin". Aldığımız məlumata görə, Bərdədə həmin gün 300-400 nəfər qan verib. Bərdə Tərtər, Naftalan, Ağdam, Sərıcalı xəstəxanalarını da qan ilə təmin edə bilib. Bu zaman biz Mərkəzi Qan Bankı olaraq Goranboy xəstəxanaları ilə maraqlandıq. Goranboy bizdən qan istədi. Ən son qanı 5 aprel səhər saat 7-8 aralarında göndərmişik. Ondan sonra heç bir region xəstəxanaları bizdən qan istəməyib.
Onu da qeyd edim ki, bir çox yerli icra hakimiyyətlərinin təşəbbüsü ilə qanvermə aksiyaları keçirilib. Bizim mərkəzi bankın regionallarda bölmələri var. Bunlar Gəncə, Quba, Mingəçevir, Şəki, Bərdə, Lənkəran, Sumqayıtdadır. Salyanda, Sabirabadda, Ağstafada, Goranboyda, Şirvanda qanvermə aksiyaları oldu. Burada bizim region bölmələrimiz iştirak edib. Regionlarda xəstəxanalar belə aksiyalar hesabına qanla təmin olunduğu üçün bizə müraciət olunmadı.
- Bu gərgin günlərdə Mərkəzi Qan Bankına könüllü qan vermək üçün nə qədər insan müraciət edib?
— Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, o səbəbdən Bank olaraq daim kifayət qədər qan ehtiyatı saxlayırıq. Hətta 2 apreldə insanlar gəlib yardım edənə kimi, biz bölgələrə xeyli qan göndərdik. Açıqlama verdik ki, ehtiyac yaranarsa, əhaliyə müraciət edəcəyik. Buna baxmayaraq, gəlib qan vermək istəyən vətəndaşlar da oldu. Təkcə aprelin 5-də Mərkəzi Bankda və Bankın bölmələrində 2000-dən artıq insan qan verib. Müxtəlif dövlət qurumları və böyük şirkətlərdən bizə müraciət edərək, qanvermə aksiyasına qoşulublar. Briqadalarımız ofislərə gedərək qan alıblar. Bu aksiya bir neçə gün də şirkətlər tərəfindən davam etdiriləcək.
- Mərkəzi Hərbi Hospitalın qan tələbatı nə qədər olub?
— Hərbi hospitalın baş həkimi Kazım müəllim bizə müraciət etdi ki, insanlar qan vermək üçün bura gəlirlər. "Bizdə qan bankı böyük olmadığından, gələn insanları sizə yönəltmək istəyirik, bizə lazım olarsa, sizdən qan götürəcəyik" dedi. 300 nəfər Hərbi hospitalda qan verib, qalanları isə bizə yönləndirilib və burada gəlib qan veriblər. Biz hal-hazırda Hərbi hospitalın da qan ehtiyatını saxlamışıq. Lazım gələrsə, onlara göndərəcəyik.
- Qan tapılmadığı və satıldığı xəbərləri də yayılmışdı. Bu, nə dərəcədə həqiqətə uyğundur?
— Qətiyyən həqiqətə uyğun deyil. Bizim bankda qan satıla bilməz. Doğrudur, pullu banklar da mövcuddur. Amma biz dövlət qan bankıyıq və burada olan qan heç bir dövlət xəstəxanasına pulla satılmır. Nəinki əsgərlərə, heç bir başqa xəstələrə də qanı pulla satmırıq. Bütün dövlət xəstəxanalarına müraciət edirik. Yalnız tibbi nümayəndə gələrək bizdən xəstə üçün qan ala bilər. Amma xəstənin qohumlarına biz qan verə bilmərik. Yalnız tibb işçilərinə qanı təhvil verə bilərik.