BAKI, 5 apr — Sputnik. Cəbhədəki son döyüşlərdə şəhid olan Milli Ordumuzun zabiti, kapitan İnqilab Çingiz oğlu Quliyevin dəfn mərasimi Gəncə şəhərində, əsl ümumxalq vətənpərvərlik nümayişinə çevrilib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, Gəncənin Şəhidlər Xiyabanına toplanmış, çoxu gənc olan minlərlə insan şəhidin nəşini vətənpərvərlik şüarları ilə qarşılayıblar.
İgid zabitimizin dəfn mərasimində doğmaları ilə yanaşı, şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Gəncə şəhər rəhbərliyi, Qarabağ və Əfqanıstan müharibələrinin veteranları və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər. Dəfn mərasimində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsinin dövlət tərəfindən daim uca tutulduğu vurğulayıb, hər bir Azərbaycan vətəndaşının ölkə başçısının əmri ilə hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olduqları bildirilib.
Əllərində Azərbaycan bayraqları, əklillər və qəhrəmanlıq şüarları tutmuş çoxsaylı insan axınının müşayəti ilə şəhid Quliyev İnqilab Çingiz oğlu, əsgərlərin yaylım atəşi altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunduqdan sonra onun cənazəsinin büründüyü müqəddəs Azərbaycan Bayrağı əbədi olaraq saxlaması üçün şəhidin atasında təqdim olunub. Şəhərin minlərlə sakininin qatıldığı dəfn marasimi xalq və ordu birliyinin təntənsinə, xalqımızın ölkə başçısı ətrafında daha sıx birləşməsinin ifadəsinə çevrilib.
Qeyd edək ki, Tərtər istiqamətindəki döyüşlərdə canından keçmiş 1983-cü il təvəllüdlü zabit İnqilab Quliyev nümunəvi ailə başçısı, iki azyaşlı uşaq atası olub. Allah rəhmət eləsin!