BAKI, 5 apr — Sputnik. "İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, hətta əsgəri xidmətə yaşı çatmayan 15-17 yaşlı gəncləri, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər".
Sputnik xəbər verir ki, bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Nazirliyin rəhbərliyi Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirir və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edir.
Aprelin 5-i saat 12.00-dan etibarən Azərbaycan — Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə hərbi əməliyyatlar dayandırılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Qeyd edək ki, aprelin 1-dən 2-nə küçən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində atəşkəsi pozması və mülki əhalinin yaşadığı məntəqələri ağır artilleriya və raket qurğularından atəşə tutması nəticəsində münaqişə bölgəsində vəziyyət gərginləşib.
Aprelin 3-də cəbhə bölgəsindəki vəziyyətlə bağlı yaydığı press-relizdə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığıni bildirib. Buna baxmayaraq, Ermənistan tərəfi təmas xəttində atəşkəs rejimini pozmaqda davam edib və Azərbaycan tərəfi də əks-həmlə əməliyyatını və cavab tədbirlərini həyata keçirib.