BAKI, 5 apr — Sputnik. Bu gün Gəncədə cəbhəyə dəstək aksiyası keçirilib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, əksəriyyətini ali və orta ixtixsas təhsili müəssisələrinin tələbələri təşkil edən aksiyaçılara sadə şəhər sakinləri də qoşulublar. Onlar bununla erməni təxribatına qarşı cəsarətlə vuruşan Azərbaycan əsgərinin arxasında olduqlarını nümayiş etdiriblər.
Bayraq meydanında yeni salınan bulvar kompleksi boyu yürüş edənlər şəhid olan hərbiçilərimizin, mülki şəxslərin ruhunu yad ediblər. Meydanda toplaşaraq, bir ağızdan dövlət himnimizi səsləndirən və əllərində 3 rəngli bayraqlarımızı dalğalandıran gənclər "Qarabağ bizimdir, bizim olacaq!", "Ar olsun erməniyə", "Yaşasın Azərbaycan!" kimi şüarlar səsləndiriblər.
Gənclər təşkil olunan yürüş-aksiya ilə cəbhədə qazanılan qələbələrdə müstəsna rol oynayan və düşmənə sarsıdıcı zərbələr endirən ordumuzun yanında olduqlarını bəyan ediblər.