BAKI, 5 apr — Sputnik. "Bakıda keçirilən ilk Avropa oyunlarından sonra Müdafiə Nazirliyinin xətti ilə ön cəbhədəki əsgərlərlə görüşə getdim. Şəmkirdən başlayaraq, Murovdağda, Goranboyda, Ağdamda olduq. Son getdiyimiz hərbi məntəqə mənim vaxtilə qulluq etdiyim hərbi hissə oldu".
Bunu Sputnik-ə açıqlamasında, cüdo üzrə ikiqat paraolimpiya, 2 dəfə dünya və 5 dəfə Avropa çempionu olan, keçmiş döyüşçü İlham Zəkiyev deyib. Həmin vaxt Füzuli rayonunda kəşfiyyatçılarla görüşdüyünü deyən idmançının sözlərinə görə, özü ilə cəbhə bölgəsinə ilk Avropa oyunlarında qaldırdığı Azərbaycan bayrağını da aparıb.
"Bayrağı oradakı əsgərlərə təhvil verdim və qeyd etdim ki, bu bayrağı mən idman arenalarında dalğalandırmışam. İndi bu bayrağı sizə təhvil verirəm. Siz də bu bayrağı Xankəndidə, Şuşada dalğalandırın", —deyib İ. Zəkiyev.
Onun sözlərinə görə, aprelin 3-də cəbhə bölgəsində döyüşən əsgərlərlə əlaqə saxlayıb: "Mənə dedilər ki, Füzuli rayonu ərazisindəki Lələtəpəni düşməndən geri alıblar və mənim onlara verdiyim bayrağı da məhz Lələtəpədə sancıblar. Mən qeyd etdim ki, qardaşlar, mən sizə bayrağı vermişəm ki, Şuşada, Xankəndidə dalğalandırasınız. Əsgərlərimiz cavabında qeyd etdilər ki, "bu, yolüstüdür, yavaş-yavaş irəliləyirik, bayrağı Şuşada, Xankəndidə dalğalandıracağıq". Qürur duyum, halal olsun Azərbaycan əsgərinə!".