BAKI, 5 aprel — Sputnik. Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 21 məsələ daxil edilib.
İlk olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək. İclasda Cinayət, Torpaq, Mülki və İnzibati Xətalar məcəllələrində, Antiinhisar fəaliyyəti, Banklar, Bank olmayan kredit təşkilatları, İnvestisiya fondları, Sığorta fəaliyyəti, İnzibati icraat, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri, Daşınmaz əmlakın dövlət reyestri, Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanunlarda dəyişikliklərə baxılacaq.
Həmçinin, Azərbaycan Respublikasında vərəmlə mübarizə, Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı, İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında qanunlarda dəyişikliklər müzakirə ediləcək.
İclasda "Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanunun ləğv edilməsi haqqında qanun layihəsinə də baxılacaq.