BAKI, 4 aprel-Sputnik. Türkiyənin onlarla vətəndaşı Azərbaycan Prezidenti İlham Əliyevə cəbhə xəttində baş verənlərlə bağlı dəstək məktubu ünvanlayıblar.
Sputnik Report-a istinadla xəbər verir ki, Türkiyənin Konya şəhərinin sakini Faruk Aydın müraciətində yazır: "Qardaş Azərbaycan Ordusunun son günlərdə düşmən üzərində qələbəsi bizi çox sevindirir. Vətənin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmaq şərəfdir. Şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, Sizə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, canlarını Vətən uğrunda qurban verənlərin yaxınlarına səbir diləyirəm. Türkiyə vətəndaşı olaraq qardaş Azərbaycana maddi və mənəvi dəstəyimizin əbədi olduğunu bildirmək istəyirəm".
Türkiyənin Əskişəhər şəhərindən yazan Yakup Çalıkda da dəstəyini ifadə edib: "Hörmətli cənab Prezident.
Qardaş Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən təmizləmək istiqamətində son günlərdə uğurla keçirilən əməliyyatlar məni çox sevindirir. Mən də Azərbaycan Silahlı Qüvvələrinin tərkibində düşmənə qarşı vuruşmaq istəyirəm. Odur ki, məni də əsgər almağınızı xahiş edirəm. Mən qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında olmaq istəyirəm. Müqəddəs Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə qardaşlarıma hünər və rəşadət arzu edirəm. Azərbaycanın qələbəsinə ürəkdən inanıram".
İstanbuldan müraciət ünvanlayan Günay Aytan da döyüşlərdə iştirak etmək istədiyini qeyd edib: "Hörmətli cənab Prezident. Mən Azərbaycan əsilliyəm. Adım Günay Aytandır. İğdırlıyam, lakin hazırda İstanbulda yaşayıram. Ermənistan ilə müharibədə qardaşlarımın yanında olmaq, onlarla birlikdə torpaqlarımızı işğaldan azad etmək istəyirəm. Azərbaycan Ordusunun son günlərdə düşmən üzərində qələbəsi məni çox sevindirdi. Mən də Sizin Ali Baş Komandanlığınız altında ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etmək istəyirəm".
Türkiyənin Malatya şəhərindən Fuat Bütün yazır: "Çox hörmətli Prezident İlham Əliyev!
İşğalçı Ermənistan ordusuna qarşı döyüşlərdə şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Bizim canımızla, qanımızla daim azərbaycanlı qardaşlarımızın yanındayıq. Biz "Bir millət, iki dövlət" olaraq daim sizinləyik. Qadir Allah gücünüzə Sizi qorusun, düşmən üzərində qələbədə Sizə güc və inam bəxş etsin".
İstanbuldan yazan Ferdi Yıldırım da öz dəstini ifadə edib: "Hörmətli cənab Prezident İlham Əliyev!
Allah Sizin və soydaşlarımızın yardımçısı olsun. Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun cəbhədə uğurları bizi çox sevindirir. Mən doğma qardaşlarım azərbaycanlılarla birlikdə cəbhədə düşmənə qarşı döyüşməyə hər an hazıram. Əmin ola bilərsiniz ki, Türkiyədə mənim kimi düşünən milyonlarla soydaşınız var. Allah yardımçınız olsun".