Aparılmış tədqiqatın nəticələrinə əsasən, son 40 ildə piylənmədən əziyyət çəkən insanların sayı 6 dəfədən çox artıb. Əgər 1975-ci ildə dünyada bu problemlə 105 mln. adam üzləşmişdirsə, 2014-cü ildə artıq çəki problemi 640 mln. insanı əhatə edib.
"Bu tendensiyanın davam edəcəyi təqdirdə, artıq 2025-ci ildə dünya üzrə kişilərin 18 faizi, qadınların isə 21 faizi piylənmədən əziyyət çəkəcək", — deyə tədqiqatda qeyd olunur.
Tədqiqatın nəticələrinə əsasən, dünyada az çəkili insanların sayı qadınlar arasında 12 faiz, kişilər arasında isə 15 faiz təşkil edir. Az çəki problemi, əsasən, Cənubi Asiya və Afrika qitəsinin bir sıra ölkələrində müşahidə olunur.
Azərbaycanda da artıq çəkidən əziyyət çəkənlərin sayı az deyil, onların əksəriyyətini isə qadınlar təşkil edir.
Həkim Adil Qeybulla "Sputnik"ə açıqlamasında bildirib ki, artıq çəki problemi ölkədə üstünlük təşkil etməyə başlayıb:
"Azərbaycanda da yavaş-yavaş çəki artıqlığı üstünlük təşkil edir. Bu əhalinin yağlı qidalara meyilliliyi və azhərəkətliyi ilə bağlıdır. Son vaxtlar ölkəyə genetik modifikasiya olunmuş, xolesterinlə zəngin qidaların gətirilməsi, broyler toyuqları, "fast-food"un geniş yayılması əhali arasında piylənməyə meyilliliyin artmasına, maddələr mübadiləsinin artmasına və artıq çəkiyə gətirib çıxarır".
Həkim Arzu Musayevanın sözlərinə görə də, bu prosesin müxtəlif səbəbləri var:
"Kökəlmə genetik səbəblərdən, insanın qidalanma rejiminə düzgün riayət etməməsindən, bir dəfəyə oturub daha çox qida qəbul etməsindən, hipodinamik həyat tərzi keçirməsindən, eləcə də əsəb, sinir, stress faktorlarından irəli gələn bir prosesdir".
Psixoloqlar isə bu prosesi həm də insan pisixikası ilə bağlayırlar. Onlara görə, kökəlmə prosesini formalaşdıran bizim şüuraltına göndərdiyimiz informasiyalardır. Yəni gərginliyə düşdüyünü hiss edən insan nə yesə də kökələcək.
Kökəlmənin əsas səbəblərindən biri də hərəkətsizlikdir. İnsan qidalanıb hərəkət etmədikdə daxil olan enerji ilə xaric olan enerji arasında balans pozulur. Nəticədə artıq qalan enerji piy şəklində yığılır. Piylənmə isə müxtəlif xəstəliklərə və hətta ölümə səbəb olur. Statistikaya əsasən, hər il dünyada 2,8 milyon insan artıq çəki və piylənmə səbəbindən həyatını itirir. Həkim Adil Qeybulla qeyd edir ki, köklük ürək üçün əlavə yük yaradır: "Gün ərzində, ən azı 6 km gəzmək tövsiyə olunur. Bu qidanın bir xeyli hissəsinin yanmasına gətirib çıxarır ki, bu da öz növbəsində insanı rahatlaşdırır".
Ekspertlərin fikrincə, insanı kökəlmə və piylənmə xəstəliyindən qurtaran əsas şərtlər sağlam həyat tərzi və düzgün qidalanmadır. Odur ki, bu gün nə yediyimizə diqqət edib, aktiv həyat tərzi keçirməliyik ki, sabah onun fəsadları həyatımızı məhv etməsin.