BAKI, 1 aprel-Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəməsi başa çatıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.
Sputnik-in məlumatına görə, məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı çıxışında E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Mustafayev və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası (ümumilikdə 63 il) istəyib.
Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.
Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.