BAKI, 1 apr — Sputnik. "Moskvanın bizə qarşı sərgilədiyi davranış əlaqələrimizi sarsıdıb". Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtondakı Brookings Universitetindəki çıxışı zamanı deyib.
Sovetlər İttifaqının dağılmasından sonra Rusiya ilə əlaqələri inkişaf etdirdik deyən Ərdoğan, Kremlin son vaxtlardakı siyasəti ucbatından münasibətlərin zərər gördüyünü bildirib:
"Rusiya ilə yaşanan təyyarə hadisəsindən sonra təəssüf ki, çətin bir dövr keçiririk. Sovetlərin dağılmasından sonra bu ölkə ilə əlaqələrimizi inkişaf etdirmişdik. Ancaq münasibətlərimiz rus rəhbərliyinin son dövrdəki siyasəti ucbatından zəifləməyə başlayıb. Moskva tərəfindən bizə qarşı yönələn sərt sanksiyalar əlaqələrimizi ciddi şəkildə sarsıdıb".
Türkiyə prezidenti Kremlin sərt sanksiyalarına baxmayaraq, təmkinli davranmağa davam edəcəklərini söyləyib.
"Başa düşməkdə çətinlik çəkdiyimiz Rusiyanın bu addımlarına qarşı təmkinli davranmışıq və bundan sonra da təmkinli davranacağıq. Türkiyə və Rusiya önəmli ölçüdə qarşılıqlı əlaqələri olan ölkələrdir. Rus həmkarlarımızdan bu gerçəyi görmələrini istəyirik" — deyə, Ərdoğan əlavə edib.