BAKI, 1 aprel — Sputnik. IV Beynəlxalq Nüvə Sammitində iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin prezidenti Barak Obama ilə görüşüb.
Sputnik xəbər verir ki, Ağ Evdə keçirilən görüş təxminən 50 dəqiqə davam edib. Görüş, Barak Obamanın dövlət və hökumət başçılarının şərəfinə verdiyi nahar ziyafətindən sonra baş tutub.
Obama və Ərdoğan regional təhlükəsizlik, terrorla mübarizə və miqrantlarla əlaqədar Türkiyə-ABŞ arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Birləşmiş Ştatların prezidenti həm öz adından həm də amerikalıların adından dünən Diyarbəkirdə baş vermiş terrorla bağlı türk xalqına başsağlığı verib. Barak Obama həmçinin, Türkiyənin təhlükəsizliyi və terrora qarşı ortaq mübarizədə ölkəsinin verdiyi dəstəyi bir daha ifadə edib.