BAKI, 31 mart-Sputnik. Britaniyalı arxitektor, Bakıdakı Heydər Əliyev Mərkəzinin binasının memarı olmuş Zaha Hadid bu gün 65 yaşında vəfat edib.
Sputnik BBC-yə istinadla xəbər verir ki, onun ölümünə səbəb ürək çatışmazlığı olub. O, bronxitdən müalicə olunduğu Mayami xəstəxanasında keçinib.
İraq doğumlu olan Hadid Böyük Britaniyada yaşayırdı. O, Britaniya Arxitektorlarının Kral İnstitutundan qızıl medal almış ilk qadın memardır.
Onun dizaynı əsasında Britaniya, Honq Konq, Almaniya və Azərbaycan da daxil olmaqla dünyanın bir neçə ölkəsində möhtəşəm memarlıq abidələri tikilib. Romadakı XXI əsr milli incəsənət muzeyi, Londondakı Su Olimpiya İdman növləri Mərkəzi, Serpentin Sakler Qalereyası, Sinsinnatidəki Rozental müasir incəsənət Mərkəzi, Çindəki Quançjou Opera Teatrı, Qlazqodakı Nəqliyyat muzeyi və s. onun yaradıcılığının məhsuludur. Onun Bakıda inşa etdiyi Heydər Əliyev Mərkəzinin binası da öz dizaynı ilə görənləri heyran edir.