BAKI, 30 mart — Sputnik. Azərbaycanın tarixi şəhərləri sırasında orta əsrlərə aid Ağsu şəhəri özünəməxsus yer tutur. Yazılı qaynaqlarda "Ağsu" və ya "Yeni Şamaxı" kimi xatırlanan, xalq arasında "Ağsu qalası" və ya "Xaraba şəhər" kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu rayonu ərazisində, Ağsu şəhərindən 4-5 kilometr cənub-şərqdə, Ülgüclü, Ərəbuşağı, Ağarx və Curuqlu kəndlərinin əhatəsində yerləşir.
Bir sıra hərbi-siyasi amillərlə əlaqədar Ağsu şəhəri daxili və xarici düşmənlər tərəfindən dəfələrlə dağıdılıb, beləliklə də Şirvanın rəsmi paytaxtı olmaq statusu gah Şamaxıya, gah da Fitdağa keçib. Vaxtaşırı hərbi əməliyyatlar meydanına çevrilən və dağıntılara məruz qalan Ağsu şəhəri sonuncu dəfə 1806-cı ildə Abbas Mirzənin komandanlıq etdiyi Qacar ordusunun hücumu ərəfəsində düşmən əlinə keçməsin deyə, Şirvan xanı Mustafa xan tərəfindən dağıdılıb və bununla da orada şəhər həyatına son qoyulub.
Orta əsr Ağsu şəhəri plan etibarı ilə düzbucaqlı formada olmaqla, 39,8 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və torpaq valdan ibarət çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir. Ağsu nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından bir növ etalon ola biləcək abidədir.
Abidədə ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. Əsasən, kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri orada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğundan xəbər verir. 2010-cu ilin mart ayından etibarən MİRAS İctimai Birliyinin təşəbbüsü və Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən orada genişmiqyaslı arxeoloji tədqiqatlara başlanılıb.
Burada beş sahədə üst-üstə təqribən 3500 kvadratmetrə yaxın ərazi öyrənilib. Hazırda Ağsuda genişmiqyaslı arxeoloji tədqiqatlar davam etdirilməkdədir. Bununla paralel olaraq ekspedisiya rəhbərliyi aşkar olunmuş tapıntıların konservasiya edilərək gələcək nəsillər üçün qorunması istiqamətində də ardıcıl iş aparır.
2011-ci ildə "Orta əsr Ağsu şəhəri: Sənətkarlıq məhəlləsi" sərgi kompleksinin açılışı olub. Muzeyin ən maraqlı xüsusiyyəti qazıntıların aparıldığı sahədə inşa edilməsidir. Muzey orta əsr məhəllə həyatını özündə əks etdirir. Eyni zamanda müxtəlif tədbirlərin keçirilməsi üçün də konfrans zalı da fəaliyyət göstərir.
Şəhər kompleksi nəinki azərbaycanlıların, hətta xarici turistlərin də böyük maraqla qarşıladığı tarixi abidədir. Ağsu şəhərinin qalıqları və qazıntılar zamanı tapılmış qiymətli materiallar aşağıdakı fotolarda əksini tapıb.