İradə CƏLİL, Sputnik Azərbaycan
BAKI, 30 mart — Sputnik. Çoxdan tanıyıram onu. "Sənin portretini çəkmək istəyirəm" demişdi. Danışa —danışa tanımışdım onu. İç dünyasını öyrənmişdim. Balaca ürəyində böyük dərdləri vardı.
Onun öz dünyası var. Rənglərinin dünyası. Qara — kədərli günlərini, ağ — bu gününü ifadə edir. Ən çox dənizi sevir, bir də yaşıllığı, bir də dünyanı. Dünya ona bütün rənglərini göstərsə də, sevgisi bitmir. Deyir bəzən öz-özünə:
Nə verdin ki, nə alasan
Sonsuzadək dərd tapasan
Həm yanasan, yaxılasan
Sənin dərdin heç bitmir, dünya…
Hələ 23 yaşı var Ceyhun Ənvərzadənin. Bakıda doğulsa da, əslən qarabağlıdır. 23 yaş… Deyərsiniz, insan 23 ilə nə yaşaya bilər ki?
Hamı kimi doğulmuşdu Ceyhun… ailəsinin sevimlisi idi. Orta məktəbi bitirənə kimi o da hamı kimiydi. Əsgər olmaq, vətəni qorumaq arzusundaydı. Amma…
Bir neçə il əvvəl həyatı dəyişməyə başladı. Ayaqları yavaş-yavaş tutulurdu. Əvvəlcə buna əhəmiyyət verməsə də, 3 il ərzində ayaqları tamamilə hərəkət qabiliyyətini itirdi.
"Problemim 18 yaşından başladı. Yavaş-yavaş itirdim ayaqlarımı. Bilmirəm qorxudanmı, stressdənmi oldu. Bir də baxdım ayaqlarım hərəkətsizdir. Özümü çox pis hiss edirdim. Qapanmışdım özümə. Heç kimlə danışmırdım. Evdən çıxmaq istəmirdim. Gecə saat 3-4-də yatır, günortalar yerimdən qalxmaq istəmirdim. Həyat bitmişdi mənim üçün. Mənasını itirmişdi", —deyir.
Ceyhunun sözlərinə görə, xəstəliyinin müalicəsi var, amma o, sağalmaq istəmir. Çünki buna görə insanlığını itirməkdən qorxur: "Əlil olmaq ayıb deyil, əsas odur, insanlığını, kişiliyini, qeyrətini itirməyəsən".
Ayaqları hərəkətini itirməyə başlayanda, rəssamlığa olan meyli çıxır ortaya. Ceyhun boş vaxtını rəsm çəkməklə keçirir və öz üzərində işləməyə başlayır. Ən çox mənzərə janrına üstünlük verən gənc rəssam, daha çox dənizi, bir də yaşıllığı yaradır boyalarla. Deyir ki, dənizin, yaşıllıqların rəngi onda yaşamağa ümid yaradır.
"3 ildir, ayaqlarım tamamilə işləmir. Amma 3 ildir rəsm əsərləri üzərində işləyirəm. Deyirlər, Allah bir tərəfdən bağlayanda, digər tərəfdən açır. Məndə də elə oldu. Öz üzərimdə işlədikcə, həyatın daha mənalı olduğunu anlamağa başladım. Bilirəm ki, həyatda məndən də pis vəziyyətdə olanlar var. Yenə mənim boyalarım var, ürəyimdəkiləri yarada bilirəm. Olmayanlar neyləsin?", —deyir Ceyhun.
Onun sözlərinə görə, 6 ay bundan əvvələ qədər nə üçün yaşadığını bilmirmiş. Ta ki, Fikrət müəllim gənc rəssama dayaq olana qədər: "Fikrət müəllim mənim xilaskarım oldu. Mənim əlimdən tutdu. Artıq 6 aydır ki, Nəqşi-Cahan qalereyasına gəlirəm. Daha ümidliyəm həyata. Əgər əvvəllər gec yatıb, yuxudan durmaq istəmirdimsə, indi tez yatıb, saat 7 də dururam ki, qalareyaya gedəcəyəm. Məqsədlərim var. Üzərimdə çalışmalıyam".
Uzaqdan sakit görünür, səssiz. Söhbət etdikcə, ürəyində böyük arzularının da olduğunu duya bilirsən. Yaşıdları kimi gəzə bilməsə də, arzuları onlardan böyükdür. Gənc rəssam deyir ki, ürəyində böyük sevgisi də var: "Sevgi elə bir duyğudur ki, onu sözlə izah etmək olmur. İçdən gəlir. Onu btün varlığınla hiss edirsən, damarlarında, beynində, ürəyində. Mən də elə sevmək istəyirəm, bütün varlığımla"…
Ceyhun arzularını həyata keçirə bilməsə də, boyaların dili ilə ifadə edir. Deyir ki, ən çox dənizi çəkir. Çünki dəniz mənzərəsi ona rahatlıq, sakitlik verir.
Ayaqları hərəkət qabiliyyətini tamamilə itirmiş olsa da, gənc rəssam həyatdan ümidini üzmür. Xəyallar qurur, xəyalında əsgər gedir, vətənini qoruyur, sevdyi xanımla ailə həyatı qurur. Bəzən bunu yaratdığı əsərlərinə də köçürür. Boyaların dili ilə danışır gənc rəssam.
Bəlkə nə vaxtsa Ceyhun tanınmış bir rəssam olacaq, bəlkə bütün arzularına qovuşacaq. Bəlkə də….
Biz bu gün sizi hərəkət məhdudyyəti olan gənc bir rəssamın bizim üçün ağ-qara görünən, öz aləmində min rəngə çalan həyatı ilə tanış etdik. Ümid edirik, Ceyhun arzularına qovuşar….