Bütün bunların İlham Əliyevin martın 31-də ABŞ-lı həmkarı Barak Obamanın dəvəti ilə Vaşinqtonda nüvə təhlükəsizliyi sammitinə getməsi ərəfəsində baş verməsi təsadüfdürmü? Hadisələrin gələcək inkişafı hansı mülahizələrə əsaslana bilər? Sputnik-in bu istiqamətdə suallarını Milli Məclisin deputatı Tahir Kərimli cavablandırır:
- Prezident İlham Əliyevin əfv sərəncamı ilə, bir sıra hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslər azad edildi. O cümlədən İntiqam Əliyev sərbəst buraxıldı. Bu prosesi necə qiymətləndirirsiniz?
— Ümumiyyətlə bu, arzuolunan hal idi. Heç kimə gizli deyil ki, biz də bəzən bunu səsləndirirdik, bəzən ürəyimizdə də olsa, arzu edirdik. Bəzən bunlar barədə istər ölkə içində, istər də xaricində Azərbaycan hakimiyyətini tənqid edirdilər və Azərbaycan dövlətinə qarşı ittihamlar irəli sürürdülər. Artıq bu səngiyib. Ən başlıcası isə o insanlar hazırda azadlıqdadır, ailələrinə qovuşublar. Ona görə də mən ümumiyyətlə bu prosesləri — Leyla Yunus və Arif Yunusun, eləcə də Rauf Mirqədirovun buraxılmasını, əfv sərəncamını, indi də İntiqam bəyin azadlıqda olmasını olduqca gərəkli və müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətində antaqonist ziddiyyətlərin aradan qalxmasında, ahəngdar inkişafin təmin olunması və sərbəst tənqidlərə yer verilməsi istiqamətində bir addımdır. Düşünürəm ki, Azərbaycan hakimiyyəti, xüsusən də məhkəmə orqanları həmin adamların islah olunduqları, cəmiyyətə yararlı olduqları və cəmiyyətdən izolyasiyada qalmalarının gərəkli olmadığı qənaətinə gəliblər və arzu edərdim ki, bu proses davam etsin. Tofiq Yaqublu və digər siyasi dustaq hesab edilən şəxslər də azadlıqdadır. Allah digərlərinin də qapısını açsın.
- Əfv sərəncamını və ondan sonra atılan bir sıra addımları rəsmi Bakı ilə Qərb arasında münasibətlərin yenidən isinməsi kimi qiymətləndirmək olarmı?
— Şübhəsiz, Qərb tərəfi ABŞ başda olmaqla, özünün xarici siyasətinin prinsiplərindən biri kimi insan haqlarını sayırdı və Azərbaycanla münasibətdə bir sıra geosiyasi və iqtisadi mənafelərindən başqa bu məsələləri də dəfələrlə qoyurdu. Hətta Amerika Konqresinə layihə də təqdim olunmuşdu Azərbaycana qarşı sanksiyalarla bağlı və s. Ona görə də bu addımlar Qərbdə Azərbaycana qarşı aqressiyanı azaldır və Azərbaycan-Qərb münasibətlərində istilik yaradır. Cənab Prezidentin ABŞ-a səfəri ilə yanaşı, bu il Azərbaycana çox intensiv səfərlər olub, Azərbaycan rəhbərliyinin də xaricə səfərləri olub. Yəni Qərblə təmaslarımız çoxalır və istiləşir. Xüsusən də neftin qiymətinin düşməsi, Azərbaycanda müəyyən islahatların keçirilməsi və buna beynəlxalq təşkilatların və Qərb dövlətlərinin yardımı gözlənilir, yəni qarşılıqlı anlaşma istiqamətində addımlar atılır. Hesab edirəm ki, bu istilik Azərbaycanın xeyirinədir və bunun əlaməti sayıla bilər.
- Prezident İlham Əliyev Vaşinqiton səfərindən hansı mesajlarla qayıda bilər? Regionun gərgin geopolitik durumunda bu səfərin siyasi tərəflərinə münasibətiniz necədir?
— Bu yaxınlarda biz parlamentdə nüvə materialı və nüvə qurğuları ilə bağlı Beynəlxalq Konvensiyaya düzəlişlər etdik. Bu, nüvə sammiti qabağı çox mühüm idi. Azərbaycanın qonşuluğunda Ermənistanın atom-elektrik stansiyası var, orada nüvə qurğularının və tullantıların ətraf mühitə zərəri var. Hesab edirəm ki, cənab Prezident bu haqda öz fikirlərini çatdıracaq və regionun nüvəsizləşdirilməsi istiqamətində də işlər görüləcək. Və bu, tək Amerikaya aid deyil, bu, dünyanın nüvə sammitidir. Birinci, sammit nüvə təqdiqatları istiqamətində olan addımlara aid olacaq, Azərbaycan da bu sahədə öz payını verə bilər. İkinci, Prezidentin orada olan dünya dövlətləri ilə təmasları Azərbaycanın özü üçün ciddi mesajlar yarada bilər. Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti də öz siyasətində daha yaxşı istiqamət götürə biləcək və bu mesajlar Azərbaycanda iqtisadi islahatlarla yanaşı siyasi-hüquqi islahatların da istiqamətini daha yaxşı müəyyən etməyə imkan verəcək ki, gələcəkdə Qərb və Şərq arasında qalan Azərbaycanın özünün seçimi doğru olsun. Güman edirəm ki, burada yaxşı istiqamət götürüləcək.