BAKI, 29 mart — Sputnik. Martın 28-də keçirilən valyuta hərracına 100 milyon dollar çıxarılıb, amma bunun cəmi 0,5 milyon dolları satılıb. Bu vəsaiti 3 bank alıb.
Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, dövriyyədə milli valyuta azdır. Dollar almaq üçün gərək əldə milli valyuta olsun. Manat da dövriyyədə kəskin şəkildə azalıb. Kimin əlində manat varsa, dərhal gedir dollara dəyişir. Dəyişdiyi üçün də sabah Mərkəzi Bank dolları satışa çıxaranda heç kəs onu almır və yaxud da az alırlar. Dövriyyədə milli valyutanın olmaması çox pis haldır. İqtisadiyyatımız üçün ağırdır. Əgər dövriyyədə manat yoxdursa, onda bəs sahibkarlar, biznes, müəssisələr necə fəaliyyət göstərsinlər. Ekspert bildirib: “ümumiyyətlə iqtisadiyyat pulsuz fəaliyyət göstərə bilməz. Bunun üçün də Mərkəzi Bank banklara milli valyutada kreditlər verməlidir. O da təxminən 1 ay bundan qabaq kreditlər verdi. Kreditlər verən kimi banklar onu dollara dəyişdilər, aldılar. Alan kimi yenə də manatın dəyəri düşdü. Ona görə də bu günləri Mərkəzi Bank banklara kredit vermir. Kredit vermədiyi üçün də dövriyyədə milli valyuta yoxdur. Ona görə də dollar alan da yoxdur”.
Bəs nə etmək lazımdır sualına ekspert qeyd edib ki, Mərkəzi Bank banklara təyinatlı milli valyutada kreditlər verməlidir: "Təyinat məsələsi vacibdir. Bu pullar ki, hara xərclənir bunlara nəzarət etmək lazımdır. Banklar o pulları dollara dəyişməməlidir, iqtisadiyyata buraxmalıdırlar. İqtisadiyyatda o pullar dövr etməlidir ki, qeyri-neft sektoru inkişaf etsin. Təəssüf ki, bizdə əsas problem odur ki, Mərkəzi Bank təyinatlı kredit verə bilmir. İndi də belə bir vəziyyət yaranıb ki, bir tərəfdən Mərkəzi Bank milli valyutada kredit verməlidir ki, iqtisadiyyat inkişaf etsin. Amma o biri tərəfdən qorxur ki, kredit verən kimi bunları gedib dəyişəcəklər dollara. Belə olanda Mərkəzi Bankın ehtiyatları, milli valyutanın kursu azalır və s. Amma bu o demək deyil ki, bunu düzgün idarə etmək mümkün deyil. Mümkündür".