Hazırda Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammiti Suriya münaqişəsinin həllinə hansı töhvələr verə bilər? Məlumdur ki, Ağ Ev və müttəfiqləri Əsədin hakimiyytədən getməsini əsas və dəyişilməz şərt kimi irəli sürməkdə davam edirlər. Hazırkı status-kvo regionu və dünyanı hansı səviyyədə təhdid edir?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, terrora qarşı koalisiya yaradılması üçün ayrıca bir konfransa ehtiyac var. "Çünki, nüvə təhlükəsizliyi sammitinə Rusiyanın dövlət başçısı dəvətli deyil. Rusiya isə Suriyada fəallığı ilə nümayiş etdirdi ki, o da beynəlxalq terrora qarşı mübarizədə mühüm bir paya malikdir. Nüvə təhlükəsizliyi sammitinin Vaşinqtonda keçiriləcək müzakirələrinə rəğmən, beynəlxalq terrora qarşı mübarizə ilə bağlı yeni bir konfransa ehtiyac var. Çünki, beynəlxalq terror getdikcə fəaliyyətini genişləndirir", —deyə politoloq Sputnik-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əvvəllər terrorun Avropadan uzaqda olduğu düşünülürdü: "İndi artıq terror Avropanın mərkəzlərini də vura bilir və terrorçuların dediyi kimi artıq müharibəni avropalıların evinə də gətiriblər. Buna görə də belə bir koalisiyanın yaradılması vacibdir. Bu koalisiyanın konturları ilə bağlı Vaşinqtonda fikir mübadiləsi aparıla bilər".
E. Şahinoğlunun sözlərinə görə, Əsədin hələ də hakimiyyətdə qalması beynəlxalq terrora qarşı mübarizəni zəiflədir: "Beynəlxalq terror necə güc qazanır? Deyir ki, "diktator Əsədə qarşı savaşırıq". Elə də tərəfdar toplaya bilir. Ona görə Əsəd, hətta öz hakimiyyəti daxilində olan bir başqası ilə əvəz olunarsa, bu, beynəlxalq terrora qarşı mübarizəni bir az daha sürətləndirə bilər. Amma, hadisələrin gedişatı göstərir ki, hələ Əsədin belə bir addım atmaq fikri yoxdur. Təbii ki, burada Rusiyanın dəstəyi də var. Amma, ABŞ bu istiqamətdə də Rusiya ilə danışıqları intensivləşdirib. Ola bilsin ki, hansısa mərhələdə Rusiya da bu qərara gəlsin ki, Əsədin dəyişdirilməsi vacibdir".
"Elə olarsa, Əsədin yerinə elə bir şəxs gəlməlidir ki, Rusiyanın Suriyadakı maraqlarına zərər gəlməsin və Rusiya öz hərbi bazalarını da Suriyada qoruya bilsin. Bu, Rusiyanın Əsədin getməsi ilə bağlı başlıca şərtlərindən biri olacaq. Amma, Rusiyanın Əsədin getməsi ilə bağlı hər hansı bir fikrə gəldiyini düşünmürəm", —siyasi təhlilçi vurğulayıb.
Politoloq Fikrət Sadıxovun fikrincə isə, Əsəd Rusiyanın maraqlarına uyğun biriylə əvəzlənə bilər: "Ruslar hesab edirlər ki, Əsəd rejimi müdafiə olunub, Əsəd rejimi legitim bir rejimdir, o, belə bir formada hakimiyyətdən getməməlidir. Rusiya tərəfi bunu ABŞ rəhbərliyinə də çatdırıb. Xüsusilə Rusiya XİN-in sözcüsü bunu dəfələrlə bəyan edib. Təbii ki, bu məsələ Vaşinqtonda müzakirə olunmalıdır. Əsəd gec-tez gedəcək. Cenevrədə danışıqlar gedirsə, Suriya siyasi qüvvələri xüsusilə müxalifət danışıqlarda iştirak edirsə, düşünürəm ki, Əsədin taleyi artıq müəyyən mənada həll olunub. Yəni ki, yaxın gələcəkdə orada çox güman ki, hansısa seçkilər keçiriləcək və digər qüvvələrin nümayəndələri Əsədlə bərabər hakimiyyətə gələ bilər".
"Amma, Bəşər Əsədin özünün hakimiyyətdən dərhal getməsi şübhə altındadır. Çünki, Rusiyanın Suriyada iki hərbi bazası mövcuddur və təbii ki, Rusiya bu mövqedə qalacaq və maraqlarına zidd olan addımları atmayacaq", —deyə politoloq bildirib.
Ölkənin siyasi-inzibati xəritəsində, hətta dövlət quruluşunda dəyişikliklərlə bağlı fikirlərə münasibət bildirən Elxan Şahinoğlu bildirib ki, bundan sonra Suriyanın ərazi bötüvlüyünü təmin etmək çox çətin olacaq: "Düzdür, müəyyən uğurlar var. Amma, Suriyada tək terrorçular fəaliyyət göstərmir axı? Əsədə tabe olmayan silahlı kürd və sünni qruplaşmaları var. Yəni artıq Suriyanın İraq kimi bir neçə yerə parçalanmasının şahidi oluruq. İnanmıram ki, Suriya ordusu bütün ölkə ərazisinə tam nəzarəti ələ keçirə bilsin. Suriyanın ərazi bötüvlüyü təmin olunmasa belə, mütləq mənada terrorçulardan təmizlənməlidir".
Onun qənaətincə, Suriyanın gələcək taleyi ilə bağlı beynəlxalq aləm ortaq fikrə gəlməlidir: "Misal üçün, İraqı götürsək, İraq parçalandı deyə terrorçular bundan istifadə etdilər. Eynilə Suriyada da belə oldu. Orada da hakimiyyət daxili mübarizə qızışdı, İŞİD isə fürsətdən istifadə edərək ölkənin üçdə bir hissəsini ələ keçirdi. Önəmli olan Suriya və İraqın gücləndirilməsidir ki, orada terrorçular özlərinə yuva sala bilməsinlər".
Qeyd edək ki, bu ilin fevralın 23-də Bəşər Əsəd bildirib ki, aprel ayında parlament seçkiləri keçirilə bilər. Ona görə də bu ərəb dövlətində yeni siyasi situasiyanın yaranacağı gözlənilir.