BAKI, 29 mart — Sputnik. Misirdə naməlum şəxs sərnişin təyyarəsini qaçırıb. APA-nın xarici kivlərə istinadən verdiyi xəbərə görə, təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 55 sərnişin və 7 ekipaj üzvünün olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.
İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlıdır. Kipr hüquq-mühafizə orqanları artıq onunla danışıqlara başlayıb. Təyyarədə sərnişinlərin sağ-salamat olduğu, hələlik heç kimin zərər çəkmədiyi bildirilir. Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, "şəhid kəmərini" işə salacaq. Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.
A320 təyyarəsini qaçıraraq Kiprin Larnaka hava limanına enməsini tələb edən şəxs sərnişinlərin təyyarədən çıxmasına icazə verib. Artıq 20 qadın və bir uşaq təyyarəni tərk edib. Təyyarəni qaçıran şəxsin tələbinin nədən ibarət olduğu hələlik məlum deyil. Kipr hüquq-mühafizə orqanları onunla danışıqları davam etdirir.
Qaçırılan Misir təyyarəsinin ekipaj üzvləri və 4 sərnişindən başqa digər sərnişinləri azad olunub. Bu barədə "Egypt Air" şirkətinin "Tvitter" hesabında yerləşdirilən xəbərdə deyilir. Təyyarədə qalan sərnişinlərin hamısının əcnəbi olduğu bildirilir. Təyyarəni qaçıran misirli İbrahim Samaha kiprli sevgilisinə 4 səhifəlik məktubu çatdırmaq üçün bu addımı atdığını deyib.