BAKI, 29 mart — Sputnik. Nə qədər yazılsa da, deyilsə də, məsələ qaldırılsa da, Bakının bu dərdinə çarə tapılmır ki, tapılmır.
Hər zaman olduğu kimi, bu dəfə də paytaxt yağışa təslim oldu. Gecədən başlayan yağış suları şəhərin küçələrində kiçik çaylar yaradıb. Yollar bərbad vəziyyətə düşüb, avtomobillərin hərəkəti, piyadaların keçidi müşkülə dönüb.
Sputnik-in əməkdaşlarının yollarda apardığı müşahidələr durumun nə dərəcədə acınacaqlı olduğunu bir daha təsdiq edir. Məsələn, "İnşaatçılar" metrostansiyasının ətrafı, Şərifzadə küçəsi tamamən keçilməz vəziyyətdədir, küçə boyu sel axır.
Eyni vəziyyət "Nəriman Nərimanov" metrosu ətrafında da müşahidə olunur. Hər yer gölməçədir, ərazidəki orta məktəbin qarşısından uşaqlar keçə bilmirlər, sel axır.
Bu cür bərbad mənzərə Ziya Bünyadov prospektində də hökm sürür. Avtomovbillər, sözün həqiqi mənasında çayın ortası ilə üzməyə məhkum edilib.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Trend-ə deyib ki, yağışla əlaqədar hələlik yol təsərrüfatında problem yaranmayıb: "Əməkdaşlarımız hazırda bu işə səfərbər olunub, yollar nəzarətdə saxlanılır. Avtomobil yollarının yağış sularından təmizlənməsi, asfalt örtüyünün su ilə dolmasının qarşısının alınması üçün yollardakı yağış barmaqlıqlar təmizlənib. Hazırda yağış sularının ötürülməsində problem yoxdur".
"Yağış sularının gətirə biləcəyi zibillərin yağış barmaqlıqları tutmasının qarşısının alınması məqsədilə yol təsərrüfatının səfərbər olunan işçiləri tərəfindən hazırda yağış barmaqlıqlara baxış keçirilir. Hələlik yol təsərrüfatında bununla bağlı problemlər yaranmayıb", —deyib ASC sözçüsü.
Paytaxtın Ziya Bünyadov prospektində yağış sularının avtomobillərin hərəkətinə problem yaratmasına gəlincə isə, Anar Nəcəfli bildirib ki, bu problem yol təsərrüfatına aid deyil. Onun sözlərinə görə, yolların kənarlarındakı yağış barmaqlıqlarının suyu sonda mərkəzi kollektora qoşulur və ola bilsin ki, həmin kollektor da yağış sularını tam qəbul edə bilmir, nəticədə belə problem yaranır. Həmin mərkəzi kollektor isə "Azəravtoyol" ASC-nin nəzarətində deyil.