BAKI, 28 mart — Sputnik. Azərbaycan ərazisində yay vaxtına keçid ləğv edilib. Sputnik-in əməkdaşı bunun iqtisadi, psixoloji və tibbi təsirləri ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Bu gün inkişaf etmiş ölkələr, o cümlədən ABŞ, Avropa Birliyi ölkələri yay və qış vaxtına keçidi tətbiq edir. Bunun əsas məqsədi enerjiyə qənaət etmək, xüsusən də aqrar və xidmət sektorunda gəlirliyi təmin etməkdən ibarətdir.
"Tədqiqatlara əsaslanaraq təklif edirik ki, Azərbaycanda saat əqrəblərinin irəli və geri çəkilməsi payızda yenidən tətbiq edilsin", deyən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan üçün Avropa ilə saat fərqinin azaldılması çox vacibdir.
"Bu, həm uçuşlara, həm ticarət əlaqələrinə müsbət təsir göstərir. O baxımdan əgər biz payızda qış vaxtına keçməsək, o zaman artıq yenidən Avropa ilə saat fərqimiz 3 saat olacaq. Daha məqsədəuyğundur ki, Azərbaycan 2 saatlıq fərqi qoruyub saxlaya bilsin", —mütəxəssis bildirib.
Artıq 2 saatlıq fərq yarandığını deyən V. Bayramovun dediyinə görə, Qərb ölkələrində aparılan tədqiqatları göstərir ki, yay və qış vaxtına keçid enerjiyə qənaət edilməsi baxımından vacibdir: "Baxmayaraq ki, burada, psixoloqların bir çoxunun qiymətləndirməsinə görə adaptasiya problemi var. Amma iqtisadi baxımdan Qərb alimlərinin tədqiqatlarına görə, təxminən 3 faizə yaxın enerjiyə qənaət edilməsi deməkdir. Eyni zamanda, bunun tətbiq edilməsi aqrar və xidmət sektorunda iş müddətinin uzadılmasına gətirib çıxarır. Saatın əqrəblərinin irəli çəkilməsi aqrar sektorda işin daha tez başlamasına səbəb olur. Eyni zamanda, işin daha gec bitməsi xidmət sektorunda da iş müddətinin uzadılması baxımından vacibdir".
Avropa ilə aramızdakı 2 saatlıq fərqin qorunub saxlanmasını mühüm sayan ekspert əlavə edib ki, saat fərqinin çox olması məhsuldarlığa da təsir göstərir: "Azərbaycan vətəndaşlarının böyük bir qismi Avropa ölkələrinin çempionatlarına baxırlar. Onlar da gec başlayırlar. İnsanlar gec yatırlar. Bu zaman növbəti iş günü yorğunluq müşahidə olunur. Saat fərqi 3 saat olanda ümumiyyətlə iş məhsuldarlığına təsir göstərir. Amma 2 saatlıq fərqi qoruyub saxlasaq, yalnız nəqliyyat və ticarət əlaqələri baxımından deyil, həm də əmək qabiliyyətli əhali üçün də məqsədəuyğundur. Bu baxımdan payızdan yenidən əqrəblərin irəli və geri çəkilməsinin tətbiqi məqsədəuyğundur".
Psixoloq Tariyel Faziloğlu isə Azərbaycanda yay vaxtına keçidin ləğv olunmasını doğru addım hesab edir: "İqtisadi baxımdan saatların dəyişdirilməsi uğurlu olsa da, psixoloji baxımdan çox ciddi travmalar yarada bilər. İnsan psixikası, alışılmış sistemi qəflətən dəyişdirəndə ciddi travmalar ala bilir. Çünki, həddindən artıq sinir gərginlikləri yaşanır. Bu da insan psixologiyasına təsir göstərir. Bu, bahar depressiyalarını ən çox tətikləyən səbəblərdən biridir".
"Saatların dəyişdirilməsi sırf iqtisadi amil ilə bağlı idi. Amma insanların psixoloji tarazlığına ciddi mənfi təsirləri var idi. Yay vaxtına keçidin ləğv edilməsi düşünürəm ki, müsbət haldır", —deyib psixoloq.
Tibbi ekspert Rasif Bağırov da Azərbaycanda yay vaxtına keçidin ləğv olunmasını müsbət addım sayır: "Saatların irəli və geri çəkilməsi insan orqanizminə mənfi təsir göstərirdi. Yay vaxtına keçidin ləğv olunması insan sağlamlığı üçün müsbətdir".
"Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə Nazirlər Kabineti qərar qəbul edib. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilsin.
Xatırladaq ki, AMEA alimləri elmi əsaslandırılmış dəlillərlə belə bir yekdil qərara gəliblər ki, Azərbaycanda yay-qış vaxtına keçid nəticəsində əldə olunan iqtisadi səmərə, enerji sərfiyyatına qənaət əhəmiyyətli dərəcədə deyil. Qeyd olunub ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsinə səbəb olur. AMEA qeyd olunanları nəzərə alaraq, GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə ölkədə yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif etmişdi.