BAKI, 22 mart-Sputnik. Martın 19-da ABŞ-ın Mayami ştatında Federal Təhqiqat Bürosu tərəfindən dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilərək həbs olunmuş iranlı iş adamı Rza Zərrabın istintaqını Preet Bharara aparır.
Adı 17-25 dekabrda korrupsiya ittihamında hallanan Rza Zərrab Nyu Yorkun (New York) cənub dairəsinin prokuroru Bhararanın ittihamnaməsi əsasında saxlanılıb.
Zərrabın adının yer aldığı 21 səhifəlik ittihamnaməni hazırlayan Bharara, öz hüquq təhsilini Harvard və Kolumbiya Universitetlərinin Hüquq fakültələrində alıb.
Bharara, 2009-cu ildə Nyu York prokuroru olandan sonra silah və narkotik ticarəti ilə bağlı ittiham olunanlara qarşı mübarizəsi ilə məşhurlaşıb. Bu prokurorun ictimaiyyət arasında məşhurlaşması isə daha çox Amerika Bankını (Bank of America) ipoteka ilə bağlı hökuməti aldatmaqda günahlandırması ilə bağlıdır.
BBC Türkcə-nin verdiyi məlumata görə, daxildən ötürülən məlumatlar əsasında formalaşdırılmış qanunsuz maliyyə bazarı ilə bağlı məsələləri araşdıran Bharara və onun komandası Maliyyə şirkəti Galleon Group-un idarə heyətinin üzvləri Raj Rajaratnam, Rajat Gupta və Anil Kumar da daxil olmaqla 60 nəfər haqqında iddia qaldırıb. O iddialara əsasən Raj Rajaratnam 14 il həbs cəzası alıb.
Bharara o haqda demişdi: "Dairə prokurorluğumuz şirkət cinayətlərinin üstünə getməkdə lider rol oynamağa davam edib. Bu prosesdə aqressiv istintaq metodları və daha əvvəl heç görülməmiş taktikalar tətbiq edilib."
Bhararanın korrupsiyaya qarşı mübarizəsi haqqında Taym (Time) jurnalı yazmışdı ki, "Prokuror Preet Bharara indidən Wall Street-in məşhur adlarını oyundankənar vəziyyətə saldı. O, hələ yeni başlayır."
Digər tərəfdən Bhararanın böyük uğur kimi qiymətləndirdiyi o çəkişmələrdə qanuni sərhədləri aşdığı iddia edilirdi. Mart ayının əvvəlində isə Bharara tərəfindən dindirilən Hedge fon-un rəhbəri David Ganek-in şikayəti məhkəmə tərəfindən qəbul edilib. Prokuror Bhararanın vəzifəsindən sui-istifadə etmək və konstitusion haqları pozmaq ittihamları ilə mühakimə olunmasının önü açılıb.
Qeyd edək ki, ABŞ Federal Təhqiqat Bürosu R.Zərrabla yanaşı, İran vətəndaşları Kamelia Cəmşidi və Hüseyn Nəcəfzadə də saxlayıb. Onlar İran hökumətinin xeyrinə ABŞ-a qarşı dələduzluq edərək 100 milyonlar dollarlıq bank əməliyyatları aparmaqda ittiham edilirlər. Prokurorluq onların hər birinə ABŞ-a qarşı dələduzluq ittihamı ilə 5, İrana qarşı sanksiyaları pozduqları üçün 20, bank saxtakarlığı üçün 30 və çirkli pullarının yuyulması səbəbi ilə 20 il olmaqla ümumilikdə 75 il azadlıqdan məhrum etmə cəzası təyin olunmasını istəyib.
Rza Zərrab Türkiyədə 17 dekabr 2014-cü il tarixində aparılan rüşvət əməliyyatlarında saxlanılaraq 70 gün həbsdə yatıb. Sonra azadlığa buraxılıb. Onun İrandakı iş ortağı Babək Zəncani bir müddət əvvəl həbs olunaraq ölüm cəzasına məhkum edilib. B. Zəncani İran dövlətinə 2,8 milyard dollar ziyan vurmaqda təqsirləndirilir.