BAKI, 19 mart – Sputnik. Katoliklərin ruhani lideri Papa Fransisk iyun ayının ikinci yarısında Ermənistana səfər edəcək. Bu barədə Vatikanın mətbuat spikeri Federiko Lombardi məlumat verib.
“Tam dəqiq tarix müəyyən olmasa da Papa iyun ayının ikinci yarısında Ermənistanı ziyarət edəcək. Proqramda hansı görüşlərin keçiriləcəyi, papanın gedəcəyi yerlər üzərində hazırda çalışmalar gedir”, deyə — Lombardi qeyd edib.
Katoliklərin ruhani lideri Papa Fransisk, 1915-ci il hadisələrinin 100-cü ildönümü səbəbi ilə keçən il Vatikanda təşkil etdiyi ayində, “20-ci əsrin ilk soyqırımının ermənilərə edildiyini” söyləmişdi.
Papanın səfərini Sputnik-ə şərh edən politoloq Qabil Hüseynli, dini liderin ermənilərə böyük rəğbəti olduğunu deyib:
“Yadınızdadırsa, Papa Fransisk keçən il uydurma soyqırımın 100-cü il dönümündə türklər əleyhinə ermənilərdən daha yanıqlı fikir söyləyərək, 20-ci əsrdə ilk soyqırımın məhz ermənilərə qarşı işləndiyini demişdi. Bu özü göstərir ki, Vatikan lideri din adı altında siyasətlə məşğuldur”.
Qabil Hüseynli, Papa Fransiski sivilizasiyalar arası nifaq yaymaqda təqsirləndirib:
“Papa Fransiskin fəaliyyəti dövründə çox az hallarda müsbət çağırışlar etdiyini görmək olar. Əksinə, o sivilizasiyalar arası qarşıdurmanı yayan açıqlamalarla yadda qaldı və qalmaqdadır”.